ABŞ ilə münasibətlərimizdə yeni dövrün başlanması hər iki tərəfin marağındadır.
Dünya İqtisadi Forumu hər il İsveçrənin Davos şəhərində keçirilən dünya liderləri və tanınmış iş adamlarının iştirak etdiyi toplantıdır. Əlbəttə ki, bu toplantıda irəli sürülən yeni fikirlər, təkliflər dünya iqtisadiyyatına yeni istiqamətlər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün cari ilin yanvar ayının 20-də İsveçrə Konfederasiyasına səfərə getmiş, Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə vermişdir.
Azərbaycan və Çin arasında iqtisadi, siyasi, mədəni, humanitar və demək olar ki, digər önəmli sahələr üzrə qurulan əlaqələr dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Hələ ötən il iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.
Cənab Prezident öz müsahibəsi zamanı aydın və məzmunlu çıxışı ilə bu məsələlərə, eləcə də bir sıra tarixi faktlara toxunmuşdur. Xüsusilə cənab Prezident, Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?, sualına- “Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Bizgüclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq”, cavabını verməsi bir daha onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursuna sadiq şəkildə həyata keçirdiyi güclü və bənzərsiz siyasət bu gün ölkəmizi demək olar ki, bütün sferalar üzrə inkişafın zirvəsində qərarlaşdırıb. Əlbəttə ki, dövlətin müstəqilliyini əldə etməkdən də çətin vəzifə məhz bu müstəqilliyi qorumaq, onu daimi və əbədi etməkdir. Bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Hazırda qonşumuz olmağına baxmayaraq, məkirli siyasət aparan Ermənistan siyasi rəhbərliyi riyakar havadarlarına arxalanmağa son qoyub, regiondakı yeni tarixi reallıqlarla barışmalı, dövrün tələblərini, beynəlxalq hüquq normalarını və Azərbaycanın ədalətli, konstruktiv mövqeyini qəbul edib, 17 maddədən ibarət olan sülh müqaviləsini imzalamalıdır. Bu, həqiqətən Ermənsitan dövləti və cəmiyyəti üçün də seçilmiş ən yaxşı yol olardı.
Müasir geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin Ermənistan siyasi rəhbərliyinə tarixi bir şans verərək, tarixi ədaləti könüllü olaraq qəbul etmələri üçün fürsət tanıması məhz dövlətimizin başçısının humanist mövqeyinin göstəricisidir. Əks təqdirdə, necə deyərlər, ədalət gec-tez yerini tapacaq.
Prezident müsahibə zamanı ABŞ-la münasibətlərdən danışıb: “Biz prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”. Rəsmi Bakının Trampdan əsas gözləntisi ABŞ-la münasibətlərin normallaşmasıdır. Prinsipcə, Prezidentin də dediyi kimi, Azərbaycanın ABŞ-la problemi yoxdur. İki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması ilə bağlıdır. Bakı Trampın bu vəziyyəti düzəldəcəyinə ümid edir. Azərbaycan Cənubi Qafqazın ən mühüm ölkəsidir. Rusiya və İranla sərhədin olması, Mərkəzi Asiyaya qapı rolunu oynaması, enerji resursları baxımından zənginliyi və İsrail, Türkiyə kimi strateji tərəfdaş və müttəfiqinin olması ölkəmizin ABŞ üçün dəyərini artırır. Bunu Tramp da yaxşı bilir. Buna görə Bakı onun hakimiyyəti dövründə münasibətlərin normallaşmasına ümid edir. Prezidentin jurnalistin “Çinlə ABŞ arasında qarşılıqlı əlaqələri necə görürsünüz” sualına cavabı da diqqət çəkib. Prezident İlham Əliyev deyib ki, “Bəli, bu, dünya üçün çox yaxşı bir xəbər idi ki, Çin və ABŞ rəhbərləri yenidən təmasdadırlar”.
Azərbaycanla Çin arasında son zamanlar təmaslar xüsusilə artıb. Bakı Pekinlə əməkdaşlıqda, Asiya bazarında yer tutmaqda maraqlıdır. Prezident Çin lideri Si Szinpini daha yaxşı tanıdığını, onunla dəfələrlə görüşdüyünü deyib. Bu, çox mühümdür. Çin kimi bir ölkənin rəhbəri ilə şəxsi əlaqə yaratmaq, hətta zamanla dostluq münasibəti qurmaq perspektivdə Bakıya müsbət dividendlər gətirə bilər. Azərbaycan Çin və ABŞ-ın gücünün fərqindədir. Çinlə əlaqələr yaxşı olsa da, Azərbaycan ABŞ-la da əməkdaşlığı genişləndirmək istəyir. Xüsusilə Trampın ölkəmizə səfər etməsi tarixi addım ola bilər. Müsahibədən bu qənaətə gəlmək olar ki, Prezident Çin və ABŞ arasında balans siyasəti aparmaq istəyir. Pekini daha yaxşı tanıyan Bakı balans üçün Vaşinqtonla da münasibətlərin inkişafında maraqlıdır.
Ramin Əsədov,
Salyan rayon Piratman-Gəncəli tam orta ümumtəhsil məktəbinin müəllimi