insanhaqlari.az

Qarşılıqlı inam və etimada əsaslanan dostluq nümunəsi

13-02-2025 Baxılıb: 26

Rəsmi Bakının xarici siyasətinin bir istiqaməti də Qərblə, həmçinin Asiya regionu ilə münasibətlərin uğurlu inkişafına töhfə verməyə xidmət edir. Hazırda Azərbaycanın Çin, Rusiya, Pakistan, Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin möhkəmlənməsi həyata keçirilən çoxvektorlu xarici siyasətin praktik və mühüm uğurlarıdır. Bunların sırasında Çinlə münasibətlərin xüsusi yeri olduğunu qeyd etmək lazımdır.

     “Bildiyiniz kimi, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çin sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır". Bu fikri Azərbaycan Prezidenti cənab İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib. Dövlət başçısı vurğulayıb ki, strateji tərəfdaşlıq yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.

     Azərbaycan Çinlə Avropa arasında əlaqənin qurulması kimi vacib layihədə başlıca rollardan birini oynayır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi-Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılır. Dövlət başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında mühüm körpüdür.

     Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Bu prosesin effektiv gedişində rəsmi Bakının ŞƏT ilə ötən illər ərzində qurduğu əlaqələrin də xüsusi əhəmiyyəti var. Belə ki, 2015-ci ildə quruma üzv dövlətlərin iclasında Azərbaycana tərəfdaş statusunun verilməsi ilə bağlı qərarın qəbulu, eləcə də 2016-cı ildə Pekində ölkəmizə təşkilatın dialoq üzrə tərəfdaş statusunun verilməsi haqqında memorandumun imzalanması qarşılıqlı münasibətlərin dərinləşməsində mühüm mərhələ oldu.

     Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri yaranıb. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci "Kəmər və Yol Forumu"nda iştirak edib, 15 sentyabr 2022-ci ildə isə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib. Çin Xalq Respublikasının Sədri Si Cinpin vurğulayıb ki, ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib. Azərbaycan hər zaman vahid Çin siyasətini dəstəkləyir. Çinin də ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyi Bakı-Pekin əməkdaşlığının səmimi notlar üzərində qurulduğunu göstərir. İki dövlət ekstremizm və seperatizmə qarşı mübarizədə də vahid mövqedən çıxış edir. Rəsmi Bakı multilateralizm, yəni çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verir və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipini əsas götürür. Elə ona görədir ki, ŞƏT-də Çin Azərbaycanın statusunun artırılmasına dəstəyini ifadə edir. Bakı-Pekin birgə Bəyannaməsinə gəldikdə isə bu sənəd Azərbaycan və Asiya arasında münasibətləri rəsmən strateji tərəfdaşlıq səviyyəsinə qaldırır.

     Hazırda Azərbaycan-Çin əməkdaşlığının bir neçə prioritet istiqaməti var. Belə ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi 3 milyard dollara çatır. Çinin altı şəhərində Azərbaycan Ticarət Evi açılıb. Bununla da Çin bazarında Azərbaycan məhsulları aktiv şəkildə təşviq olunur. Çin Azərbaycanla əlaqələrə xüsusi maraq göstərən dövlətlərdən biridir və onun ölkəmizə, Xəzər hövzəsinə marağı təbii qarşılanır. Çünki son illər ərzində sürətlə inkişaf edən Çin üçün xammal və enerji mənbələri xüsusi əhəmiyyət daşıyır. Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda strateji nəqliyyat-tranzit qovşağına çevrilən Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi rəsmi Pekinin xüsusi maraq dairəsindədir. Ölkəmiz enerji sahəsində Çin şirkətləri ilə "yaşıl enerji" layihələri və "yaşıl texnologiyalar" üzrə əməkdaşlıqda yeni inkişaf mərhələsinə daxil olub.

     Bir sözlə, əməkdaşlıq bütün istiqamətlərdə inkişaf edir. 200 dövlətin dəstəyi ilə qlobal iqlim sammitinə ev sahibliyi etmək hüququ qazanan Azərbaycan ötən ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylər göstərdi. Bu missiyanın uğurla yerinə yetirilməsi isə beynəlxalq humanitar hüquqa ən böyük töhfə olacaq. Bütün bunlar belə deməyə əsas verir ki, Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün nəticəsi olaraq ölkələrimiz arasında əməkdaşlıq daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.

 Emin Ağayev ,

Salyan rayon Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühasibi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728