Müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud ilə dövlət başçısı İlham Əliyev arasında görüş keçirilib. Liderlər ikitərəfli münasibətləri müzakirə etdikdən sonra dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər. Bəyanatdan da göründüyü kimi tərəflər arasında önəmli sənədlər də imzalanıb. Somali Prezidentinin Azərbaycana rəsmi səfəri hazırkı dövrdə vacib əhəmiyyət daşıyır.
Səfər çərçivəsində imzalanmış sazişlər Somaliyə Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır. Bugünkü əməkdaşlıq ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Diqqətəlayiq haldır ki, Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Cənab Prezident İlham Əliyevin səfərlə bağlı mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunub ki, müzakirə edilən sahələr sırasında ən vaciblərindən biri məhz təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Yeni imzalanmış sənəd isə, onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək. Qeyd etmək lazımdır ki, belə yanaşma növbəti dəfə Azərbaycan dövlətinin və şəxsən cənab Prezident İlham Əliyevin yüksək insansevərliyindən, mənəvi dəyərlərə qarşı həssaslığından xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Somali Prezidenti ilə görüşü və hər iki tərəfin dövlət rəsmilərinin bir sıra əməkdaşlıq sazişlərini mübadiləsi hər iki dövlət üçün səmərəlidir. Həmin dövlətin Azərbaycana maraq göstərməsi ölkəmizin dünya arenasında, həmçinin Afrika ölkələrində də etibarlı tərəfdaş və güclü ölkə kimi özünü sübut etməsinin nəticəsidir. Enerji və başqa sahələrdə qarşılıqlı razılaşma və mübadilələr gələcəkdə Somalini ölkəmizə daha da yaxınlaşdıracaq. İqtisadi maraqlardan əlavə siyasi müstəvidə də bu kimi yaxınlaşmalar Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan ilə Somali arasında imzalanmış mühüm sənədlərdən biri də “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” oldu. Öz çıxışında cənab Prezident bu sahədə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal etməklə, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm özümüzə lazımdır, həm də müasir müdafiə avadanlığına ehtiyacı olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Bu sahədə əməkdaşlığı ən yüksək səviyyədə qurmaq məqsədilə Somali Prezidenti Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış edilib. Eləcə də nümayəndə heyətlərinin görüşü zamanı bu imkanlar müzakirə edilib. Möhtərəm dövlət başçımız həmçinin təlimlərin keçilməsi perspektivlərindən bəhs etdi. Əlbəttə ki, hərbçilərimizin İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı zamanı nümayiş etdirdikləri yüksək peşəkarlıq bu gün istənilən ölkənin ordusu üçün örnək ola bilər.
Beləliklə, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığın mühüm sahələrindən biri ola bilər.
Xəyalə Ağabəyova ,
“Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Fiziterapiya kabinetinin
müdiri