Bu gün Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir.
Fevralın 11-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ölkəmizə səfərə gəldi. Bu, münasibətlərimiz tarixində ilk rəsmi səfər olduğundan qarşılıqlı əlaqələrimizin inkişaf etdirilməsi yolunda xüsusi önəmə malikdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun iştiraki ilə ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu. Belə ki, fevralın 12-də Bakıda Azərbaycan və Somali arasında yalnız siyasi və iqtisadi deyil, həm də təhsil, müdafiə və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək sahələrini əhatə edərək iki ölkənin münasibətlərini daha da möhkəmləndirməyi hədəfləyən sənədlər imzalandı.Yaşıl enerji, təhsil, müdafiə və müdafiə sənayesi, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahələri ilə əlaqədar olan bu sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.Daha sonra dövlət başçıları mətbuata bəyanat verdilər və iki dövlət arasındakı qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərindən bəhs etdilər.
Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Afrika dövlətlərinin Azərbaycanla münasibətlərin genişlənməsinə olan marağı artıb. Hazırda bu dövlətlər öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək dünya iqtisadiyyatında mühüm aktorlara çevrilmək məqsədilə Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsindən, xüsusilə enerji resursları modelindən yararlanmaq niyyətindədirlər. Son illər bu dövlətlərin rəsmilərinin ölkəmizə mütəmadi səfərləri, müxtəlif istiqamətlərdə fikir mübadilələri aparmaları da bir daha bundan xəbər verir. Qeyd olunanlar Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, ölkəmizin də beynəlxalq nüfuzunun artmasına şərait yaradır.Azərbaycan Somali iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoymaq imkanlarını da araşdırır. İki ölkənin nümayəndə heyətləri Somalidə sərmayə imkanlarını müzakirə edərək infrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahələrində əməkdaşlıq potensialını qiymətləndirdilər. Somali Prezidenti bu ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala malik olduğunu qeyd etdi. Azərbaycan isə kənd təsərrüfatında özünü təmin etmə siyasəti çərçivəsində bu sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Dövlət başçımız mətbuata verdiyi bəyanatda ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək verməyə davam etdiklərini xatırlatdı. İki dövlətin xarici işlər nazirləri artıq müxtəlif tədbirlərdə bu məsələləri müzakirə ediblər və hökümətlərimiz gələcəkdə də BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birinə dəstək vermək niyyətindədirlər.
“Azərbaycana səfər edən ilk Somali Prezidenti olmaq mənim üçün həqiqətən də böyük şərəfdir” deyən Somali Prezidenti Hasan Şeyx Mahmud çox məhsuldar keçən görüşü Somali-Azərbaycan münasibətlərində yeni eranın başlanğıcı kimi dəyərləndirib. Somalinin çətin dövrdən çox parlaq gələcəyə keçid edən, zəngin resurslara və böyük potensiala malik ölkə olduğunu vurğulayan Hasan Şeyx Mahmud bildirib ki, lakin şərait inkişaf etməyə imkan verməyib: “Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir”.
Azərbaycan və Somali arasında imzalanan bu mühüm sazişlər iki ölkənin strateji tərəfdaşlıq istiqamətində atdığı vacib addımlardır. Təhsil, iqtisadiyyat, müdafiə və dövlət xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın, həm də Somalinin inkişafına töhfə verəcək. Bu razılaşmalar yalnız mövcud əlaqələri gücləndirməklə kifayətlənməyəcək, həm də gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Hər iki ölkənin bir-birinə verdiyi dəstək və ortaq maraqları bu münasibətlərin uzunmüddətli və davamlı olacağını göstərir.
Vüqar Rzayev,
Salyan şəhər Yaşıllaşdırma MMC-nin rəisi