Serbiyada milli bayram – Dövlətçilik Günü qeyd olunur
Qərbi Balkan regionu ölkəsi olan Serbiyada Dövlətçilik Günü qeyd edilir.
insanhaqlari.az Serbiyanın müstəqillik tarixinə və bugünkü ictimai-siyasi mənzərəsinə nəzər salır.
Dövlətçilik Günü Serbiyada hər il fevralın 15-də 1804-cü ildə Birinci Serb üsyanının başlanmasının xatirəsinə qeyd edilən bayramdır. Həmçinin 1835-ci ilin həmin günündə müstəqil Serbiyanın Sreten Konstitusiyası adlanan, vətəndaşların əsas azadlıqlarını və knyazların hakimiyyətinin məhdudlaşdırılmasını elan edən ilk demokratik konstitusiyası qəbul olunub.
Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurublar. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanınıb. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başlanıb. XVI əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyasının nəzarətinə keçib. XIX əsrin əvvəlində baş vermiş inqilab nəticəsində Serbiya konstitusiyalı monarxiyaya sahib müstəqil dövlətə çevrilib və Balkan yarımadasında feodalizmi qadağan edən ilk ölkə olub.
Birinci Dünya müharibəsində çox ağır itkilər verdikdən sonra Serbiya Sloveniya və Xorvatiya ilə birləşərək cənub slavyanlarının birliyi olan Yuqoslaviyanı qurub. Yuqoslaviya 1990-cı illərdəki müharibələrə qədər müxtəlif idarəetmə formaları ilə mövcud olub. Yuqoslaviyanın dağılması prosesində Serbiya ilə Monteneqro ittifaq yaradıb. İttifaq 2006-cı ildə sülh yolu ilə dağılıb və Serbiya 1918-ci ildən bəri ilk dəfə olaraq suveren dövlət olub. 2008-ci ildə isə Kosovo Serbiyadan ayrılıb.
Serbiya cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində yerləşən, dənizə çıxışı olmayan ölkədir. Paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır. Serbiyanın rəsmi dili serb dilidir, əhalisi 7 milyon nəfərə yaxındır. Ölkə iqtisadi inkişaf səviyyəsinə görə Qərbi Balkan regionunda birinci yerdədir. Müasir dövrdə Serbiya hərbi olaraq bitərəf və müdafiə sahəsinə ən çox investisiya yatıran region ölkəsidir.
Əhalisinin 82 faizini serblər, qalan 18 faizini isə macarlar, bosniyalılar, qaraçılar və digər azlıqlar təşkil edir. 1990-cı illərdə Serbiya Avropada ən çox qaçqına sahib olan ölkə olub. Yuqoslaviya müharibələri nəticəsində buraya 1 milyonadək qaçqın gəlib. Onların çoxu Xorvatiyadan, az hissəsi isə Bosniya və Herseqovinadan qovulanlar olub. Bundan başqa, həmin illərdə Serbiyanı 300 min insan tərk edib ki, onların da 80 faizi ali təhsilli idilər.
Serbiyanın Avropa İttifaqına üzvlük yolu
Qərbi Balkan regionu ölkələri - Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya, Albaniya və Kosovo öz gələcəyini Avropa İttifaqına inteqrasiyada görür. Aİ-nin genişlənmə planında bu altı ölkənin ittifaqa üzvlüyü nəzərdə tutulur. İyirmi ildən artıqdır ki Aİ üzvü olmağı gözləyən altı ölkədən Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Albaniya ittifaq üzvlüyünə namizəd, Kosovo isə potensial namizəd ölkələr sırasındadır.
Serbiya Avropa İttifaqına üzvlük prosesində böyük irəliləyiş əldə edən və fəal danışıqlar aparan ölkələrdən biridir. Avropa Komissiyası bu ölkənin Aİ-yə üzvlük prosesi çərçivəsində növbəti - üçüncü fəsli açmağa hazırdır. Serbiyanın 2030-cu ilədək ittifaqa üzv olacağı gözlənilir.
Azərbaycan-Serbiya münasibətləri
Strateji səviyyədə olan siyasi dialoq, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlıq Azərbaycan-Serbiya münasibətlərinin davamlı inkişafının sübutudur. Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələrin tarixi 1997-ci ildən başlayır. Hazırda Azərbaycan-Serbiya münasibətləri yüksək səviyyədədir, hər iki ölkənin dövlət başçılarının – Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərləri bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasına inkişafına şərait yaradıb.
Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Həmçinin iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurası yaradılıb.
Serbiyanın paytaxtı Belqrad şəhərinin ən gözəl parklarından biri olan Taşmaydan parkında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsi yerləşir. Abidə Taşmaydan parkı 2011-ci il iyunun 8-də yenidənqurmadan sonra istifadəyə verilən zaman Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiyanın ovaxtkı Prezidenti Boris Tadiçin iştirakı ilə açılıb. Eyni zamanda, Belqradda Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət Palatası və Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti, Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi var. Azərbaycanın “AzVirt” şirkəti isə Serbiyada yol infrastrukturu layihələri həyata keçirir.
Xatırladaq ki, İkinci Dünya müharibəsi zamanı Serbiyanın paytaxtı Belqrad şəhərinin azad olunmasında 223-cü Azərbaycan diviziyası da iştirak edib.