Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun “İnsan kapitalı”-nın – qazanılması vacib olan ən dəyərli nailiyyətdir.
Cəmiyyətdəki hər bir şey yaradıldığı gündən bir varlığa xidmət edir, onun arzu və məqsədləri üçün bir vasitə kimi istifadə edilir. Bu varlıq insan amilidir. Bəli, insan.. O, insan ki, ibtidai icma quruluşu kimi sadə bir dövrdən müasir texnologiyalar cəmiyyəti kimi mürəkkəb bir dövrə qədər keşməkeşli, çətin və uzun yol keçmişdir.
Dövlətlərin də inkişaf etməsi, onların insanlarının yaxşı həyat tərzi sürməsi də, məhz, insan amilindən asılıdır. Ümumiyyətlə, qiymətləndirdikdə, bu dövrlər ərzində insanın bu yoldan üzüağ çıxdığını deyə bilərik. Çünki insan Yer səthinin ən dərin qatlarından tutmuş, bütün yer üzərindəki təbii proseslərin demək olar ki, əksəriyyətini öyrənmiş, hətta, onların bəzilərinin süni variantını da hazırlamışdır. Bəzi ölkələr, hətta, “yer”lə kifayətlənməyib “göy”ü də öyrənirlər və bunun üçün öz “avadanlıqlarını” səmada yerləşdiriblər.
İnsanlar mövcud olduğu gündən indiyədək böyük “uğurlu” dəyişikliklər etmiş, çox nailiyyətlər qazanmışdırlar. Göydə içərisində insan daşıyan “uçan maşın”dan tutmuş, kilometrlərlə məsafə olmasına baxmayaraq, heç bir kabel və digər qurğu qoşulmadan səs və vizual effektləri həmin andaca bir yerdən başqa yerə ötürən “kompüter” kimi cihazı da kəşf edən insandır.
Bütün bunlar insanlar üçündür və eyni zamanda bütün bunları icad edənlər də insanlardır. Lakin, bir şeyi də qeyd etmək yerinə düşərdi ki, hər insan da bu kəşfi, bu icadı edə bilmir. Bəs hansı insanlar bu kəşfləri edirlər? Sualın cavabı çox sadədir: “İnsan kapitalı yüksək olan şəxslər”. Bəs nədir “insan kapitalı”?
İnsan kapitalı – şəxsin gələcəkdə peşə fəaliyyəti zamanı gəlir gətirə biləcək istedad və qabiliyyətlərinə hazırda qoyulan sərmayələrin cəmidir. Məsələn, bir neçə misal göstərək. Kiminsə elmə həvəsi vardırsa, o şəxs təhsilini davam etdirməli, ona sərmayə yatırmalıdır. Hətta, onun hər hansı bir kitaba sərf etdiyi maliyyə də insan kapitalına yönəldilən sərmayədir. Yeri gəlmişkən qeyd edək ki, dövlət qabiliyyətli olan şəxslərin obyektiv imtahanlardan keçməsindən sonra müəyyən tələb olunan həddi keçmələri nəticəsində onların təhsillərini davam etməsinə şərait yaradır. Bu təhsilin bütün mərhələlərində mümkündür.
Bəzən deyirlər ki, “insan kapitalı” yalnız təhsillə bağlıdır. Amma zənnimizcə, bu fikir düzgün deyildir. Düzdür, “insan kapitalı” özünü daha çox təhsildə göstərir, amma bu o demək deyildir ki, o yalnız təhsillə bağlıdır. Belə bir misala nəzər yetirsək bunu daha aydın görərik. Kimsə təhsilini hər hansı bir səbəbdən davam etdirmək istəmir və onun idamana daha çox marağı var. O şəxs gələcəkdə bu sahədən pul qazanmaq istəyir. Deməli, həmin şəxsin daha az yaşlarından idmana sərf etdiyi hər bir saatı ona gələcəkdə gəlir gətirəcəksə, bu onun “insan kapitalı”na qoyduğu sərmayədir. Hətta həmin şəxsin idman paltarı almaq üçün xərclədiyi pul da insan kapitalına yönəldilən sərmayədir. Düzdür, daha yaxşı olardı ki, idamanla məşğul olan şəxs müvafiq sahə ilə bağlı təhsil alsın, amma təhsil almadan da idmanda uğur qazanan yüzlərlə insanlar vardır. Bu rəssama da aiddir, yazıçıya da, tərcüməçiyə də, müasir dövrdə ən çox tələb olunan peşələrdən biri olan “kömpüter ustası”na da…
Yuxarıdakı, misallardan görürük ki, “insan kapitalı” yalnız təhsillə bağlı deyil. Kiminsə təhsil almağa həvəsi, marağı, qabiliyyəti yoxdursa, o icbari təhsilini başa vurduqdan sonra konkret peşəyə yiyələnərsə, daha səmərəli olar. Səmərəli, bəli, səmərəli.. Lakin etiraf etmək lazımdır ki, təhsil alanların sayı nə qədər çox olarsa, bu həmin ölkə üçün daha effektlidir. Bəli, effektlidir. Səmərəli insanlar vaxtlarını hədər yerə sərf etməyən, hər dəqiqələrinin qiymətini bilən və bu vaxtdan daha çox faydalanmağa çalışanlardır. Bütün bunların effekti isə özünü qarşıya qoyulmuş məqsədin, son nəticənin hansı dərəcədə uğurlu alınmasından ibarətdir. Məhz, həmin insanların çox olduğu ölkələr daha tez və hərtərəfli inkişaf edir, onların iqtisadiyyatı daha da canlanır və insanlarının həyat şəraiti daha da yaxşılaşır.
İnsan kapitalının inkişafı
Bəs “insan kapitalı” necə qazanılır? Hə, məsələnin ən əsas hissəsi də elə buradır. “İnsan kapitalı”na sərmayələr illərlə qoyulur. Həmin sərmayələr ki, toplaşaraq cəm halında gəlir gətirmək qabiliyyətinə malik olurlar. Əgər elmi ədəbiyyatlara müraciət etmiş olarsaq, görərik ki, “insan kapitalı”nın peşəkarlıq fəaliyyəti zamanı iş fəaliyyətinə yardım edən peşə vərdişlərinin, texnika ilə davranmaq bacarıqlarının və müvafiq ixtisas üzrə biliklərin toplusu olduğunu görərik.
Bir şəxsin “insan kapitalı”na sərmayə yatırması üçün ilk öncə, həmin şəxsin gələcəkdə hansı peşənin yiyəsi olmasını seçməsi vacibdir. Çünki konkret məqsəd təyin edildikdən sonra, həmin məqsədə gedən yolda əldə edilməsi lazım olan hər bir hədəfə nail olmaq olar. Konkret məqsəd bəlli olduqdan sonra, o məqsədə gedən yol və həmin yolda olan hədəflər müəyyən edilməli və çətinliklərə nəzər salınmalıdır. Bunun üçün seçilmiş məqsəd üzrə ətrafdakı insanlarında fikirlərini öyrənmək və müvafiq məsləhətlər almaq lazımdır. Bu işdə həmin sahənin mütəxəssislərinin məsləhətləri də yardıma çatacaqdır. Amma yaxşı olardı ki, son qərarı “məqsəd sahibi” versin.
Yeri gəlmişkən bir şeyi də qeyd etmək yerinə düşərdi ki, dövlətin “insan kapitalı”na qayğısı da mühüm əhəmiyyət kəsb edir. “İnsan kapitalı”nın reallaşdırılması üçün müvafiq infrastrukturun olması da vacibdir. Hazırda Azərbaycanda neftdən gələn gəlirlərin “insan kapitalı”na yönəldilməsi prosesi baş verir. Bunu konkret olaraq yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, ölkə üzrə bütün kitabxanaların geniş çeşidli kitablarla təmin edilməsi, yeni təhsil standartlarının müəyyən edilməsi, daha bilikli və qabiliyyətli insanların ali təhsilin istənilən mərhələlərində ödənişsiz təhsil alması və onlara təqaüdlərin verilməsi, xaricdə təhsillərini davam etdirmək istəyən şəxslər üçün imkanların yaradılması kimi mühüm göstəriciləri misal göstərmək olar.
“İnsan kapitalı” şəxslərin gələcək peşə fəaliyyətlərində istifadə olunacağı üçün “insan kapitalı”nın qazanılmış olmasını və onun həmin şəxsdə tərənnüm edilməsini göstərən sənədlər mühüm əhəmiyyət kəsb edir. Təhsillərini davam etdirənlər üçün birinci növbədə diplom və ya digər yöndə irəliləyənlər üçün birinci növbədə müvafiq sənədin olunması vacibdir. Eyni zamanda sertifikat (şəhadətnamə), fəxri fərman, təşəkkürnamə, təcrübə üzrə rekomendasiyalar da “insan kapitalı”nın həmin şəxsdə tərənnüm etməsi ilə bağlı təsdiqedici sənəd formasında çıxış edir. Bu cür sənədlər nə qədər çox olarsa, həmin şəxsin insan kapitalına daha çox sərmayə yatırdığı düşünülür. Müvafiq istiqamət üzrə təcrübənin olması çox mühüm əhəmiyyətə malikdir.
“İnsan kapitalı” eyni zamanda, insanın ətrafında olan hər bir resursdan maksimum səmərəli istifadə etməkdir. Çünki insanın öz bilik və qabiliyyətlərini reallaşdırması üçün onun hər şeydən istifadə edə bilməsidir. Burada ictimai durum da mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə gənclərin “insan kapitalı”na yönəlik tədbirlər təşkil edən çoxsaylı gənclər təşkilatları, ictimai birliklər fəaliyyət göstərirlər. Hətta, gənclərlə işləyən həmin təşkilat və birliklərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Bu fondun yaradılmasında məqsəd isə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etməkdir.
Lap əvvəldə qeyd etdiyimiz kimi, hər şey insan üçündür. İctimai sferada fəaliyyət göstərən hər bir gənc müəyyən edilmiş tələbatlara cavab verən layihəsini həyata keçirmək üçün bu fonda müraciət edə bilər.
İctimai sektor və insan kapitalı
Bu zaman ortaya belə bir sual çıxır: “İctimai sferada “insan kapitalı”na sərmayə qoymaq, onu inkişaf etdirmək mümkündürmü?” Cavab, birmənalı olaraq “bəli”dir. Çünki “insan kapitalı”nın artırılması üçün atılan hər bir addım mühüm əhəmiyyətə malikdir. Burada həm təhsillərini davam etdirmək istəyənlər, həm də öz qabiliyyətlərini təhsillə deyil, başqa cür reallaşdırmaq istəyənlər də uğur qazana bilirlər. Misal olaraq baxdıqda, iqtisadiyyat üzrə təhsil alan bir gəncin iqtisadiyyatla bağlı olan layihələrdə iştirak etməsi, öz layihəsini reallaşdırması və ya müvafiq sahə üzrə xaricdə olan bir konfransda iştirak etməsindən yaxşı nə ola bilər?! Və ya bir idmançının idmanla məşğul olduqdan sonrakı vaxtını idmanla əlaqədar bir tədbir təşkil etməsi və ya idmanla bağlı bir tədbirdə iştirak etməsi çox gözəl hadisədir. Buna görə də ictimai sferada gəncin özünü reallaşdırması, öz asudə vaxtlarını daha səmərəli keçirərək öz “insan kapital”larına, “seçdikləri yollar”a sərmayə qoymağın bir üsuludur.
Amma burada bir məqama diqqət yetirmək lazımdır. Bəzən gənclər “insan kapitalı” ilə hobbini qarışdırırlar. “İnsan kapitalı”nın məqsədi gələcəkdə həmin şəxs üçün qazanc mənbəyinin qaynağı kimi çıxış etməkdirsə, hobbi insanın asudə vaxtlarında həzz aldıqları hərəkətləri etməsi, bir növ rahatlamaq üçün edilən işlərdir. Misal olaraq göstərə bilərik ki, hüquq üzrə təhsil alan və gələcəkdə bu istiqamətdə fəaliyyət göstərərək qazanc götürmək istəyən şəxsin tenisdən qazandığı sertifikatlar onun “insan kapitalı”na qoyduğu sərmayə deyildir. Bu cür düşünən gənclər bilməlidirlər ki, əgər onlar hər “sertifikatı” “insan kapitalı” kimi başa düşərlərsə və hobbi ilə “insan kapitalı” arasındakı fərqi tam anlamazlarsa, sərf etdikləri vaxt səmərəsiz ola bilər və qarşıya qoyulmuş məqsədə çatmaqda onlara az dərəcədə və hətta yox dərəcədə köməklik edə bilər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun “İnsan Kapitalı”ının qazanılması vacib olan ən dəyərli nailiyyətdir. Qeyd etmək lazımdır ki, gənclər “insan kapitalı”na sərmayələr qoyması üçün, öz məqsədlərini daha düzgün müəyyənləşdirmək üçün və səhv addımlardan qaçınmaq üçün düzgün qərar verməlidirlər. Düzgün qərar vermək üçün ilk növbədə öz məqsədlərini müəyyən etməli, valideynləri başda olmaqla ailə üzvləri, yaxın dostları, müəllimləri, istədikləri sahənin peşəkarları və məsləhət ala biləcəkləri, özləri üçün ideal olan digər insanlardan məsələhət almalıdırlar. Lakin bir məsələnin önəmi böyükdür ki, nə qədər çox insandan məsləhət alsalar da, son qərarı özləri verməlidir, çünki yaşadıqları həyat onlarıdır və sərbəst qərar qəbul etməyin özü də bir növ insan kapitalının inkişafıdır.
Hazırladı: Kamil Məmməzadə