Güclü qar səbəbindən Türkiyənin 35 vilayətində təhsil dayandırılıb
Dünən səhər saatlarından başlayaraq Türkiyənin bir çox bölgələrində yağan güclü qar səbəbindən ölkənin 35 vilayətində təhsil dayandırılıb.
İstanbul hava limanı başda olmaqla, bir çox aeroportda ölkədaxili və xarici təyyarə səfərləri təxirə salınıb. Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb. Dünən axşam saatlarında İstanbulun avtomobil yollarında tıxacın səviyyəsi 90 faizə çatıb.
Hazırda ölkə üzrə əlverişsiz hava şəraiti davam edir. Hidrometeoroloqlar yağıntılı havanın bu həftə ərzində davam edəcəyini proqnozlaşdırırlar.
İstanbul valisi Davut Gül bu gün dövlət müəssisələrində işləyən əlilliyi olan şəxslər, səkkiz yaşından aşağı uşağı olan və hamilə qadınlar üçün də birgünlük tətil elan edildiyini bildirib.