Podaqranın müayinə və müalicəsi icbari tibbi sığorta hesabına aparılır
Podaqranın müayinə və müalicəsi üçün lazım olan laborator analizlər, rentgen, ultrasəs müayinə, fizioterapiya, tibbi göstərişə əsasən stasionar müalicə icbari tibbi sığorta hesabına qarşılanır.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəstəlik ən çox ayağın baş barmaqları, topuq, diz, barmaq, bilək və dirsəklərə təsir etsə də, istənilən oynaqda inkişaf edə bilər. Ən çox görüldüyü yer ayaqda baş barmağıdır. Bu xəstəlik zamanı kəskin ağrılar, şişkinlik, hərəkətdə çətinlik, qızartı kimi simptomlar müşahidə olunur. İlk podaqra tutması əsasən ayaq baş barmağının oynağında gecə qəfil ağrılarla başlayır və güclənərək bir neçə gün davam edir. Oynağın dərisi qızarır və həmin nayihədə yerli temperatur artır.
İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmət tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda icra olunur.
Sözügedən xəstəlik genetik defektlər, artıq çəki, hipertoniya (yüksək qan təzyiqi), şəkərli diabet, böyrək xəstəlikləri, psoriaz, leykoz və bəzi dərman maddələrinin istifadəsi səbəbindən yarana bilir. Hansı nayihədə əmələ gəlməsindən asılı olmayaraq, müalicə gecikdirilməməlidir. Vaxtında müalicə olunmadıqda, ciddi oynaq zədələnmələrinə səbəb ola, oynaqların deformasiyalarına gətirib çıxara, böyrəklərə də zərər verə bilər. Buna görə erkən diaqnoz və effektiv müalicə olduqca vacibdir.
Podaqranın müalicəsi üçün spirtli içkinin qəbulunu azaltmaq, artıq çəkini atmaq, fiziki aktivliklə məşğul olmaq, həkim təyinatı ilə sidik turşusu mübadiləsinə təsir edən dərman preparatlarının istifadəsi, fizioterapiya tövsiyə edilir.