insanhaqlari.az

  Azərbaycan nəqliyyat infrastrukturu

30-01-2025 Baxılıb: 7

 

     Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizin nəqliyyat imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da bu sahədə liderliyini qorumasını şərtləndirir. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdə qərarlaşır. Bu sahəyə qoyulmuş vəsait ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib.

     Azərbaycanda son 20 il ərzində nəqliyyat infrastrukturu böyük bir inkişaf mərhələsindən keçib. Bu dövrdə ölkədə həyata keçirilən bir sıra mühüm layihələr, nəqliyyatın səmərəliliyini artırmaqla yanaşı, iqtisadiyyatın da inkişafına mühüm təsir göstərib. Bu illər ərzində Azərbaycanda 21 min kilometrdən çox avtomobil yolu tikilib və təmir edilib. Bu, ölkə daxilində insan və yük daşımalarının daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan yaratdı. Müasir avtomobil yollarının yaradılması ilə, həmçinin kənd və şəhər arasında əlaqələr möhkəmləndi, bölgələr arasında yol hərəkətinin asanlaşdırılması, sərnişinlərin və yük daşımanın sürətlənməsi təmin olundu. Bundan başqa, 335 körpü və yolötürücüsünün inşası da əhəmiyyətli bir addım olub. Bu infrastruktur obyektləri, xüsusilə dağlıq ərazilərdə və çətin relyefli bölgələrdə yol hərəkətini asanlaşdırmışdır. Körpülər və yolötürücüləri vasitəsilə çətin keçilən yerlərdə nəqliyyatın təchizatı təmin olunub, qəza və digər təhlükələr minimuma endirilib. Nəqliyyatın təhlükəsizliyi artırılıb və insan həyatı üçün risklər azaldılıb.

     Son 20 ildə reallığa çevrilən nəqliyyat layihələri sırasında Bakı-Tbilisi-Qars xüsusi yer tutur. Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən və qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirib. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranıb.

     Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmiz Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq.

     Müşavirədə səsləndirilən fikirlər onu deməyə əsas verir ki, ölkəmizin bütün ərazilərində, o cümlədən azad edilmiş ərazilərdə nəqliyyat layihələrinin icrası bundan sonra da sürətlə davam etdiriləcək. Azərbaycan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Buna əsas verən təbii ki, düşünülmüş siyasətdir.

İlqar Əliyev,

24 nömrəli Salyan Rels Qaynaqlama Qatarının rəisi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031