Ötən il Xaçmazda suvarma kanallarında 734 min kubmetr lildən təmizləmə işləri görülüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 2025-ci ilin istismar tədbirlər planına uyğun olaraq, rayon ərazisində əkin sahələrinin suvarma suyu ilə təmin olunması, həmçinin əhalinin fasiləsiz içməli su ilə təminatı istiqamətində tədbirlərini davam etdirir.
Bu barədə ADSEA-dan məlumat verilib.
Bildirilib ki, idarə tərəfindən əkin sahələrinə suvarma suyunu çatdırmaq üçün 2180 kilometrə yaxın suvarma kanallarından istifadə olunur. Bu kanalların 278 kilometri beton üzlüklü, 114 kilometri qapalı, 2,56 kilometri nov kanal, 1783 kilometri isə torpaq məcralıdır.
Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi selə qarşı mübarizə tədbirlərini də operativ şəkildə aparır. Bunun üçün idarənin balansında ümumi uzunluğu 2654 poqonometr bənd mövcuddur. Bundan 2174 poqonometr daş-beton, 480 poqonometri isə dəmir-beton bəndlərdir. Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından mühafizəsini təşkil etmək üçün texnikalar vasitəsilə çay məcralarında təmizləmə işləri də plana uyğun olaraq həyata keçirilib.
Bundan başqa, rayon ərazisində içməli su təchizatı və kanalizasiya şəbəkəsinə xidmət məqsədi ilə idarə əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Belə ki, baş verən su və kanalizasiya qəzaları operativ şəkildə aradan qaldırılır.
Qeyd edək ki, Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi suvarma suyunun əkin sahələrinə maneəsiz çatdırılması üçün ötən il suvarma kanallarında 734 min kubmetr lildən təmizləmə işləri görülüb. Şoranlaşmanın qarşısını almaq üçün kollektorlarda da 67 min kubmetr təmizləmə işləri aparılıb. Selə qarşı mübarizə tədbirləri çərçivəsində isə çay məcrasında 529 min kubmetr təmizləmə işləri icra olunub.