insanhaqlari.az

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA GƏNCLƏR SİYASƏTİ

31-01-2025 Baxılıb: 10

 

Sürətlə inkişaf edən ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır. Gənclər nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verməkdədir.

     Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması,  onlarda  milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Respublikada dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əiyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin  avanqard  qüvvəsinə çevrilib. 

     Tarixə qısa nəzər yetirdikdə bir reallıq öz təsdiqini tapır ki, əgər Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə,1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Belə ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında dahi liderin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun

xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə-1999, 2003, 2005, 2008 və 2011-ci illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı.

     Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramını təsdiq edib. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində  çox mühüm tədbirlər həyata keçirilib. Cənab Prezidentin gənclər siyasətində idmanın inkişaf  etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq  standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb. Bakıda Dünya  və Avropa birinciliklərinin keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gənclərə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər  verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ilin  “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoydu. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktblərində təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır. 

     Ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, eyni zamanda, 2 iyul 2013-cü il tarixli Fərmanı ilə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Dövlət başçısı cənab İlham Əliyevin 2011-ci ildə keçirilən Gənclərin VI forumunun  iştirakçılarına təbrik məktubunda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin  iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi  üçün daha geniş imkanlar əldə edir”.

     Bu gün gənclərimiz ölkəmizin bütün idarəetmə stukturlarında, qurumlarda, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunur. Azərbaycan gəncliyi  bu mövqedə  öz  məsuliyyətini dərindək dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır.  Çünki  Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır. Dövlətin biz gənclərə göstərdiyi bu qayğı və diqqət bizim  məsuliyyətimizi  daha da  artırır. İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq.

 

       Əli Məmmədov,


      Salyan rayon ”Asan Xidmət” mərkəzinin əməkdaşı

 

       






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728