insanhaqlari.az

Laçın Azərbaycanın qədim tarixi və mədəniyyətinin bir parçasıdır.

16-10-2024 Baxılıb: 12

 

     Prezident İlham Əliyevin oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və verdiyi mühüm mesajlar yeni siyasi reallıqlar fonunda bir sıra məqamlara da aydınlıq gətirilməsi ilə yadda qaldı. Azərbaycan Respublikası mühüm siyasi platformaya çevrilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclaslarında fəal şəkildə iştirak edərək dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə böyük töhfə verir. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb. Bu, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin növbəti qələbəsidir. Bir neçə ay bundan öncə keçmiş Laçın dəhlizində məhz Rusiya sülhməramlıları xidmət aparırdılar. Bu gün isə Rusiya Azərbaycan hərbçilərinin tam nəzarəti altında olan Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə səs verir. Bu qərar Laçın sakinləri və ümumilikdə Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanıb. Həmin iclasda eyni zamanda qərara alınıb ki, 2025-ci ildə Azərbaycan həmçinin III MDB Oyunlarına ev sahibliyi edəcək. Gəncə şəhəri həmin dövrdə rəsmi olaraq idman paytaxtı elan ediləcək. Bu xəbərlər həqiqətən də Azərbaycanın MDB məkanındakı nüfuzunun, region ölkələri arasında qazandığı etimad və inamın göstəricisidir. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin məhz MDB dövlətləri olduğunu nəzərə alsaq, Azərbaycanın nə qədər düzgün və məhsuldar xarici siyasət həyata keçirdiyini, bu ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyəsinin Vətən müharibəsində maraqlarımıza cavab verdiyini görmüş oluruq. Azərbaycan tolerant, multikultural, bəşəri humanizm və xeyirxahlıq ənənələrinin daşıyıcısıdır. Humanitar missiyası ilə bölgədə dərin dostluq təməlləri qurub. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi bu baxımdan Azərbaycana olan səmimi dostluq münasibətinin nümunəsi, etimadın göstəricisidir. Uzun illər ermənilərin silah, qaçaqmalçılıq, qanunsuz miqrasiya və narkotik vasitələrin dəhlizinə çevirdiyi Laçın indi sülh, rifah, MDB məkanında dostluq və humanizmin simvoluna çevrilmək üzrədir. İşğal dövründə dağıdılmış abidələrin və tarixi yerlərin bərpası şəhərin turizm potensialını artırmaqla yanaşı, Azərbaycan mədəniyyətinin dünya səviyyəsində tanıdılmasına şərait yaradacaq. MDB ölkələrindən gələn qonaqlar və turistlər Laçının mədəniyyət tədbirlərində iştirak edərək şəhərin zəngin irsini tanıyacaqlar. Bu şəhərin MDB-nin mədəniyyət paytaxtı seçilməsi, Laçının yalnız hərbi qələbə ilə deyil, eyni zamanda mədəni dirçəliş və sülhün simvolu kimi tanınmasını təmin edir. Həmçinin, III MDB Oyunlarının 2025-ci ildə ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə keçirilməsi Azərbaycanın idman ölkəsi kimi nüfuzunun göstəricisi, idman ictimaiyyətində qazandığı etibarın ifadəsidir. Bu tədbir Gəncənin timsalında regionlarımızda idman hərəkatının inkişafının da irəliləməsində, eləcə də təşviqində də əhəmiyyətli rol oynayacaq.

     MDB Dövlət Başçıları Şurasının iclasında diqqət çəkən məqamlardan biri də II dünya müharibəsində qazanılmış qələbənin 80 illik yubileyi ilə bağlı müraciətin qəbul edilməsidir. Azərbaycanın bu müharibədə önəmi hədsiz dərəcədə böyükdür, ümumi qələbənin qazanılmasına həm sanballı töhfələr, həm də böyük sayda qurban verib. Belə ki, Azərbaycan əhalisinin 20.6 faizi (700 min) müharibədə iştirak edib, 350 mini həlak olub, eyni zamanda, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədə neft və neft məhsullarının 80, hərbi texnika üçün yanacağın 96 faizini təchiz edən Azərbaycan qələbənin əldə edilməsində qəhrəman respublikalardan biri kimi xatırlanır. Beləliklə, MDB Dövlət Başçıları Şurasının iclası bir daha Azərbaycanın dostluq və mehriban qonşuluq münasibətlərinə sadiqliyini, dövlətlərarası və millətlərarası həmrəyliyə, etimada, əməkdaşlığa töhfə verən nüfuzlu ölkə olmasını nümayiş etdirdi.

Anar Cəbrayılov

Salyan rayon Metrologiya İdarəsinin müdiri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930