insanhaqlari.az

Prokurorluq əməkdaşları peşə bayramlarını yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

01-10-2024 Baxılıb: 0

Prokurorluq əməkdaşları peşə bayramlarını yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

Azərbaycan Prokurorluğu müasir tələblərə və beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşıb

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 106 illiyi və prokurorluq işçilərinin peşə bayramı günüdür.

Ümummilli Lider Heydər Əliyev 1998-ci il iyulun 17-də imzaladığı Sərəncama əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü qeyd olunur.

AZƏRTAC Azərbaycan Prokurorluğunun tarixinə və keçdiyi inkişaf yoluna bir daha nəzər salır.

Ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Cümhuriyyətin süqutundan sonra müstəqil dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11 iyul tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycanda sovet prokurorluğunun əsası qoyulub. Dövlət müstəqilliyinin bərpasından və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni dövr başlanıb.

Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilən Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanıyıb. Həmin statusa uyğun olaraq, “Prokurorluq haqqında” 1999-cu il 7 dekabr tarixli Qanunla prokurorluğun fəaliyyətinin istiqamətləri tam müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.

Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti öz bəhrəsini verib. Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, prokurorluğun kadr korpusunun şəffaf prosedurlar əsasında yenilənməsi istiqamətində məqsədyönlü addımlar atılıb.

Prezidentin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik addım olub. Həmin proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.

Prezident İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyənləşdirdiyi vəzifələrin yüksək keyfiyyətlə icrasına nail olmaq məqsədilə ötən müddətdə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının 2020-ci il 16 iyun tarixli Sərəncamına əsasən Baş Prokurorluğun yeni strukturu təsdiq olunub.

Parlaq Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində prokurorluq orqanları da üzərlərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetiriblər. Ermənistanın mülki əhalimizə və infrastruktur obyektlərimizə qarşı törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb və keyfiyyətli istintaq aparılıb. Xüsusilə, müharibə dövründə Azərbaycanın Baş prokuroru Ermənistan silahlı qüvvələrinin mülki əhalimizə qarşı törətdiyi qanlı cinayətlərlə bağlı müxtəlif ölkələrin Baş prokurorlarına və aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.

Həmçinin prokurorluq orqanlarının inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” qurumun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin qazanılmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaradıb.

Prokurorluğun beynəlxalq əməkdaşlığının genişləndirilməsi istiqamətində işin intensivləşməsi, prokurorluq əməkdaşlarının işlərini müasir standartlara uyğun qurmaları üçün geniş imkanlar açılıb. Azərbaycan Prokurorluğunun xarici ölkələrin prokurorluq orqanları, ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulması sahəsində çoxsaylı tədbirlər görülüb. Bir sıra ölkələrin nümayəndə heyətlərinin Azərbaycana, eləcə də Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətlərinin xarici ölkələrə səfərləri baş tutub.

Azərbaycan Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə qəbul edilmiş növbəti konseptual sənəd – “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində Azərbaycanın yol xəritəsidir. Korrupsiyaya qarşı mübarizədə kompleks tədbirləri özündə cəmləşdirən bu sənədin ətraflı təhlili onun icrasının gələcəkdə hansı müsbət nəticələr doğuracağını proqnozlaşdırmağa imkan verir.

Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura həyatın yenidən qaytarılması istiqamətində aparılan möhtəşəm abadlıq-quruculuq işlərinə prokurorluq orqanları da töhfələrini verir. Belə ki, “Elektron Prokurorluq” İnformasiya sisteminin yaradılması, eləcə də prokurorluğun peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Prokurorluq orqanlarında aparılan sistemli islahatların mərkəzində xidmətə bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclərin cəlb olunması dayanır. İşə qəbulun müsabiqə yolu ilə aparılmasının nəticəsidir ki, gənc hüquqşünaslar bu gün prokurorluğun kadr korpusunun böyük hissəsini təşkil edir.

Azərbaycanın prokurorluq orqanları məsuliyyətli və şərəfli xidməti vəzifələrini işğaldan azad olunan ərazilərdə də uğurla davam etdirir. Bu ərazilərdə fəaliyyət göstərən rayon (şəhər) prokurorluqlarında lazımi infrastruktur yaradılır və xidmətin aparılması üçün inzibati binalar istifadəyə verilir. Ağdamda, Qubadlıda və Kəlbəcərdə hərbi prokurorluq yaradılıb və lazımi bina ilə təmin edilib. Şuşa, Xocavənd, Zəngilan Rayon prokurorluqlarının fəaliyyəti üçün inzibati binalar ayrılıb. Prokurorluq orqanlarının əməkdaşları işğaldan azad edilmiş torpaqlarımızda vəzifələrini əzmlə yerinə yetirməyə daim hazırdır.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Prokurorluğunun xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığı daha da intensivləşib. Bunun nəticəsidir ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçirilir. Sentyabrın 29-da “Hüququn aliliyinin qorunmasında prokurorun rolu” mövzusunda konfransın və Ümumi Yığıncağın açılış mərasimi olub. Tədbirdə müxtəlif ölkələrin baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 465-dən artıq şəxs iştirak edir. Bu, müxtəlif ölkələri təmsil edən prokurorlar və hüquqşünaslar arasında peşəkar əlaqələrin qurulması baxımından Assosiasiyanın işinə Azərbaycanın verdiyi dəyərli töhfə və dəstəkdir. Konfrans daha geniş əməkdaşlıq imkanı yaratması baxımından da böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına ünvanladığı müraciətdə deyilir: “Biz Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edirik. Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş, ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur. Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir”.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna həsr olunmuş dördgünlük konfrans ortaq məqsədlərə töhfə verəcək və daha böyük əməkdaşlığa yol açacaq.

Onu da xatırladaq ki, Bakıda keçiriləcək COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil olunacaq.

Hazırda Azərbaycan Prokurorluğunun 106 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Zəfər əhvali-ruhiyyəsi ilə qeyd edən prokurorluq əməkdaşları öz fəaliyyətlərini yeni çağırışlara, müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində yorulmadan çalışırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930