Kəlbəcərdə infrastruktur yenidən qurulur.
Azərbaycanın zümrüd qaşı, Qarabağın qala qapısı Kəlbəcər zirvədir, ucalıqdır. Kəlbəcər babalarımızın qədim tariximizin daş kitabələrinin yaddaşa yazdıqları saxlanc yeridir. Bu yurdun hər qarışı tarixdir. Kəlbəcər ölkənin ən yüksək dağ rayonu, qədim insan məskənlərindən olmaqla yanaşı, mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların yetişdiyi diyardır. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərindən başlayan erməni təcavüzü Kəlbəcərdən də yan keçmədi. 1993-cü il aprel ayının 2-də Kəlbəcər mənfur düşmən tərəfindən işğal olundu. İşğal nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və ya girov götürülmüş, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulmuş, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi.İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 min fərdi mənzil dağıdılıb, 37 min 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. Ən dəhşətlisi isə budur ki, ermənilər Kəlbəcərdə mülki əhaliyə qarşı xüsusi qəddarlıq tətbiq etmişdilər. İnsanlar amansızcasına qətlə yetirilmişdi. İşğal dövründə düşmən Kəlbəcərdə bütün infrastrukturu, yaşayış yerlərini dağıdıb, mədəniyyət və dini abidələri məhv edib, ekoloji terror həyata keçirib. Azərbaycan xalqına məxsus sərvətləri talan edib.
Düşmən Ermənistanı Qarabağla birləşdirmək, Kəlbəcər və digər ərazilərimizdə məskunlaşmaq üçün qədim Göyçə mahalının Basarkeçər rayonundan Kəlbəcərə yol çəkmişdi. Ermənilər bu yolla həm təbii sərvətlərimizi, oğurladıqları, söküb dağıtdıqları evlərin əşyalarını daşıyır, həm də bir gün qaçacaqlarını bildikləri üçün Laçın dəhlizindən başqa, alternativ yola sahib olmaq niyyətində idilər.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 3205 saylı iclasda 822 saylı qətnamə qəbul edib. Qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra, 1993-cü il aprelin 30-da qəbul olunmuşdu. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb edilirdi.Lakin 27 il ərzində bu sənədin icrası ilə bağlı mexanizm işləmədi.
Nəhayət, Azərbaycan öz gücü hesabına, təkbaşına bu qətnamənin icrasına nail oldu, ərazi bütövlüyünü bərpa etdi, Kəlbəcər tarixi sahiblərinə qaytarıldı. Düz 27 il Kəlbəcərə qayıdacağıq dedik, buna ürəkdən inandıq və nəhayət, doğma yurdumuza döndük. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən noyabrın 25-də azadlığına qovuşdurulması ilə ürəyimizdə qaysaq bağlamış Kəlbəcər yarası sağaldı.
2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu.
Prezident İlham Əliyevin cəsarətli, prinsipial və düşünülmüş siyasətinin nəticəsidir ki, bu gün Kəlbəcər azaddır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev azad olunmuş Kəlbəcərə 6 dəfə səfər edib, rayonda aparılan tikinti-abadlıq işləri ilə şəxsən tanış olub, bir sıra əhəmiyyətli obyektlərin açılışında iştirak edib.Tam əminliklə demək olar ki, Azərbaycanımızın bugünkü inkişafı, ölkə Prezidentinin titanik səyi və apardığı məqsədyönlü siyasət nəticəsində Kəlbəcər əvvəlkindən daha gözəl olacaq, zəngin ehtiyatların istifadəsinə imkan yaradılacaq və unikal təbiətli Kəlbəcər dünyəvi turizm şəhərinə çevriləcəkdir.
Gülşən Piriyeva,
Salyan şəhəri, Əməkdar müəllim.