Bu platformanı yaratmaqla BMT-nin Məskunlaşma Proqramı bizə dövrümüzün ən aktual problemlərindən biri – urbanizasiya və iqlim dəyişikliyinin kəsişməsi ilə bağlı açıq, konstruktiv dialoq və əməkdaşlıq etmək üçün əvəzolunmaz imkan yaratdı. Azərbaycan üçün bu hadisə xüsusi əhəmiyyət kəsb edir, çünki biz həm gələcəyimizin, həm də planetimizin gələcəyinin formalaşmasında şəhərlərin mühüm rolunu dərk edirik.
Bunu COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
O qeyd edib ki, urbanizasiya baxımından ən sürətlə inkişaf edən regionlardan biri kimi Azərbaycan bu sürətli şəhərsalma ilə birlikdə gələn problemlərin həllinə sadiqdir.
“Bu gün biz qürurla Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət İstiqamətlərini (MAP – Multisectoral Actions Pathways for Resilient and Healthy Cities) işə salırıq. Bu təşəbbüs əvvəlki təşəbbüslərdən öyrənilmiş təcrübələri birləşdirməklə yanaşı, eyni zamanda, mühüm yeni ölçü əlavə edir. MAP müxtəlif sektorlar və idarəetmə səviyyələri üzrə səyləri birləşdirən sektoral yanaşmanın zəruriliyini vurğulayır”, - deyə o qeyd edib.
A.Quliyev əlavə edib ki, MAP BMT agentlikləri və hökumətlərarası təşkilatlar, Çoxtərəfli İnkişaf Bankları, xeyriyyə təşkilatları və digər maraqlı tərəflər arasında daha güclü tərəfdaşlığa, şəhərlər üçün resursların səfərbər edilməsinin koordinasiyasına çağırır.