Noyabrın 27-də Bakıdakı Rus evində görkəmli sovet və rus bəstəkarı, musiqişünas və pedaqoq Alfred Qarriyeviç Şnitkenin 90 illik yubileyinə həsr olunmuş sərgi və konsert keçiriləcək.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) verilən məlumata görə, tədbir A.G.Şnittke adına Moskva Dövlət Musiqi İnstitutunun dəstəyi, Bakıdakı Rus evi, Rusiya Milli Musiqi Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Alfred Şnitke XX əsrin ikinci yarısının böyük sovet bəstəkarlarından biridir. Onun əsərlərindən ibarət konsertlər həmişə ajiotaj yaradıb. Polistilistika texnikasının banisi olan Şnitke müxtəlif janrların və üslub istiqamətlərinin musiqi dilində eyni dərəcədə inandırıcı danışa bilirdi. Onun yaradıcılığı zəmanəmizin problemlərinə, bəşəriyyətin və bəşər mədəniyyətinin taleyinə böyük diqqət yetirməsi ilə səciyyələnir. Onun yaradıcılığını dolduran dünya və mədəniyyət, xeyir və şər, inam və skeptisizm, həyat və ölüm dilemmaları emosional ifadəli fəlsəfəyə çevirir.
Görkəmli musiqiçinin yubileyi üçün Rusiya Milli Musiqi Muzeyi sərgi hazırlayıb, eksponatlarla Bakıdakı Rus evində tanış olmaq imkanı yaranacaq. Sərgi Şnitke yaradıcılığının müxtəlif sahələrini əhatə edir: filmlərə yazdığı musiqi, teatr, instrumental musiqi. Eksponatlar arasında Şnitkenin musiqi əlyazmaları, şəxsi əşyaları, arxiv fotoşəkilləri, həmçinin məşhur filmlərdən kadrlar: “Çar Pyotrun ərəbi necə evləndirdiyi haqqında nağıl”, “Ekipaj”, “Səyahətlər nağılı”, “Kiçik faciələr”, “Aqoniya” və s. yer alır.
Gecənin konsert proqramına A.Şnitkenin müxtəlif janrda yazdığı əsərlər, eləcə də beynəlxalq müsabiqələr laureatları: Azərbaycanın Xalq artisti, professor BMA Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Səbinə Quliyeva, BMA-nın dosenti Nərgiz Salmanlı, BMA-nın müəllimi Nərgiz Kəngərli, eləcə də Kristina Əfəndiyevanın rəhbərliyi ilə Bakıdakı Müqəddəs Arxangel Mixail Kilsəsinin xorunun ifasında onun gənc müasiri, görkəmli Azərbaycan və Rusiya bəstəkarı Fərəc Qarayevin bəstəsi daxildir.
Bakıdakı Rus evinin tamaşaçılarını sürpriz - A.Şnitkenin əsərlərindən birinin Bakı premyerası gözləyir.
Tədbirin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina olacaq.