Xankəndidə, Xocalıda, işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlının böyük arzusu idi.
2023-cü il oktyabrın 15-də çoxəsrlik tariximizə növbəti Zəfər və qürur səhifəsi yazıldı. Cənab prezident İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində böyük qürurla və əminliklə bildirdi ki, verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdi.
Böyük Qələbənin sevincini xalqımız məhz 2023-cü il “Heydər Əliyev İli”ndə yaşadı. Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi idi. Hər zaman bu əminliyi ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq və bu ərazilərimizdə yeni həyat başlayacaq.
Zəfərimizi tamamlamaqla ölkəmizdə separatizm, işğal səhifəsini tam bağlamış olduq. Ümumiyyətlə, Azərbaycanın Xankəndiyə sahiblənməsi siyasi məharətin, diplomatik və hərbi gücümüzün birliyinin nəticəsində mümkün oldu. Bunu inanılmaz və ya gözlənilməz qələbə kimi qələmə verənlər də var. Hətta ermənilər və onların havadarları hesab edirdilər ki, Azərbaycan ən azı 2025-ci ilə qədər Xankəndiyə nəzarəti təmin edə bilməyəcək. Amma Ali Baş Komandanın siyasi iradəsi bizə möcüzəvi qələbə bəxş etdi.
Dövlət başçısı Xankəndi şəhərindən xalqa müraciətində tarixi Zəfərimizə qədər Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan geniş bəhs edərək bu mühüm məqamı da diqqətə çatdırdı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Ötən il 19-20 sentyabr tarixlərində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz bərqərar oldu. Oktyabrın 15-də isə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızın dalğalanması hər birimiz üçün böyük qürur, xoşbəxtlikdir.
Azərbaycan addım-addım bu ana doğru irəlilədi. Xankəndidə, Xocalıda, işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlının böyük arzusu idi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin işğal dövründəki çıxışlarına diqqət yetirsək hər zaman sonda belə bir əminlik ifadə olunurdu ki, xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycan Bayrağı bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq. Təbii ki, bu günü reallığa çevirmək böyük qətiyyət, mübarizə əzmi tələb edirdi. Azərbaycan bu illər ərzində gücləndi, dünya miqyasında özünə layiqli yer tutdu.
Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ probleminin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi təbii resurslarından səmərəli istifadə edərək reallığa çevirdiyi enerji layihələrində özünün aydın ifadəsini tapır. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsini stimullaşdırdı. Dövlət başçımızın Xankəndidən xalqa müraciətində vurğuladığı kimi, elə bir güclü ordu yaratdıq ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Rəşadətli ordumuz bunu 44 günlük İkinci Qarabağ müharibəsində və ötən il sentyabrın 19-20 tarixlərində cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərində nümayiş etdirdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu.
Tarixi Zəfərimizdən sonra bu torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə də olsun tikili qalmayıb, hamısı yerlə-yeksan edilib. Ermənilər bu torpaqlardan Azərbaycan xalqının izlərini silmək üçün bütün tarixi və dini abidələrimizi dağıdıb. Amma unudurdular ki, izləri silməklə, tarixi saxtalaşdırmaqla özgə torpağına sahib olmaq qeyri-mümkündür. Ədalət gec-tez Zəfər çalır. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlümüzün və tarixi ədalətin bərpasına nail oldu. 2020-ci il 44 günlük Vətən müharibəsində şanlı Qələbəyə nail olan Azərbaycan 3 ildən sonra suverenliyini tam bərpa etməklə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızın dalğalanmasının qürurunu yaşayır. Prezident İlham Əliyev Xankəndidən çağırış etdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
İlqar Əliyev,
Salyan Rels Qaynaqlama Sahəsinin rəisi