COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin (ABCİB) həyata keçirdiyi “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” mövzusunda layihənin təqdimatı olub.
Tədbirdə yerli və xarici alimlər də iştirak ediblər. Azərbaycanın Botanika İnstitutunun və Rusiyanın Çelyabinsk Dövlət Universitetinin alimləri tərəfindən həyata keçirilən “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” adlı layihəyə dair tədqiqatlar haqqında ətraflı məlumat verilib.
Təqdimatlarda qeyd olunub ki, layihə çərçivəsində Xəzər dənizində (Azərbaycan hüdudlarında) yayılmış yosun növünün tədqiqi və laborator tədqiqatlarının fasiləsizliyinin təmin olunması üçün yosun kolleksiyasının yaradılması və sənaye-məişət obyektlərində, açıq ərazilərdə becərilməsi üçün karbon qazının konsentrasiyasını azaltmaq və akvakultura sahəsində yosunlardan alınan məhsulların istifadəsi texnologiyasının öyrənilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Azərbaycanın regionları üzrə istixana qazlarının emissiyalarının kompensasiya edilməsi, şirin və dəniz sularının təmizlənməsində yosunlardan istifadə edilməsi planlaşdırılır.
Tədbir çərçivəsində pavilyonda təşkil olunmuş sərgidə sözügedən layihənin işinə uyğun yosunlar, həmçinin Botanika Muzeyinə aid eksponatlar, kitabçalar nümayiş olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində icra olunur.