insanhaqlari.az

COP29-un uğurlu yekunu

26-11-2024 Baxılıb: 18

 

Noyabrın 11-dən 24-nə qədər Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olunmaqdadır. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Sammitin yekunları, xüsusilə də gərgin müzakirələrdən, açıq şəkil alan mübahisələrdən sonra əldə olunan razılaşmalar bir sıra dünya liderlərinin təqdirini qazanıb və onlar COP29-un işini yüksək qiymətləndirirlər.

Azərbaycanın uğurlarını həzm edə bilməyən, hər fürsətdə ölkəmizin reputasiyasına zərbə vurmağa çalışan xarici dairələrin mövcudluğu, məqsədyönlü fəaliyyəti göz önündə idi. COP-29 sammitinə Azərbaycan ev sahibliyi etsə də, bu, BMT-nin bayrağı altında keçirilən tədbir idi, ancaq bədxah dairələr bu sammitə ona görə maneçilik törətmək, problem yaratmaq istəyirdilər ki, ortada Azərbaycanın adı vardı. Onlar düşünürdülər ki, COP29 sammiti yaxşı alınmasa, bu, Azərbaycanın reputasiyasına zərbə olacaq. Ancaq Azərbaycan tərəfinin öz üzərinə düşən işləri hərtərəfli peşəkarlıqla görməsi bədxahlara “təşkilatçılıq zəif idi”, “təhlükəsizlik qaydalarında boşluqlar vardı” kimi demaqoqluqlar etməyə imkan vermədi.

COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. İqlim dəyişikliklərinin fəsadları ilə bağlı belə bir hesabalama mövcuddur ki, yaxın illərdə bunun üçün 10 trilyondan çox vəsait lazım olacaq. Təbii kataklizmlərin müxtəlif ölkələrə vurduğu zərər bundan az olmayacaq. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri də məhz bu istiqamətdədir. Əldə olunan razılaşma hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi hədəfləyir. Bakı Maliyyə Məqsədi varlı ölkələrin 2035-ci ilə qədər kasıb dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir.

COP29 sədarətinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. Bu vəsait, lakonik desək, kasıb ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşmasını təmin edən layihələrə yönəldilməlidir.

COP29-un ən böyük uğurlarından biri də 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması COP29 sədarətinin xüsusi önəm verdiyi məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

Bu xüsusda yayılan rəsmi açıqlamada bildirilir ki, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Kömürlə işləyən elektrik stansiyalarının fəaliyyəti dayandırılacaq, külək enerjisi ilə işləyən elektrik stansiyalarının tikintisi artıralacaq, meşələrin qırılmasının məhdudlaşdırılması ilə yanaşı yeni meşə massivlərinin bərpası və salınması işi gücləndiriləcək.

COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.

Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.

 

Faiq Zərbəliyev,

Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930