Azərbaycan tədbirə uğurla ev sahibliyi etməklə beynəlxalq ictimaiyyətin bir daha etimadını və etibarını qazandı.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdi. Ancaq bəzi dövlətlər və təşkilatlar tədbirin Bakıda keçirilməsinə xoşagəlməz yanaşma sərgiləməklə özlərinin humanitar məsələlərə mənfi münasibətlərini ifşa etdilər. Fransa kimi özünü mədəni dünyanın təmsilçisi sayan bir dövlətin beynəlxalq tədbiri boykota çağırışı fiaskoya uğradı. Yaxud sülhdən, Azərbaycanla münasibətlərin normallaşmasından ancaq danışmağı bacaran Ermənistan hakimiyyətinin sessiyada iştirak etməməsi rəsmi İrəvanın ikiüzlülüyünü, etibarsızlığını təsdiqlədi.
COP29-un Bakıda keçirilməsinə razılıq verdiyi halda, Yelisey sarayının siyasi ambisiyalarına uyaraq prezident Emmanuel Makrona təəssübkeşlik etməklə Ermənistan hakimiyyəti sülhə, normallaşmaya, ikitərəfli münasibətlərin qurulmasına hələ də hazır olmadığını nümayiş etdirdi.
Bildiyimiz kimi, 2023-cü il dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərində COP28-də COP29-un Şərqi Avropa Qrupunun üzvü olaraq Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib. Bu, Azərbaycan dövləti və Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun göstəricisi idi.Çünki ölkənin namizədliyi böyük səs çoxluğu ilə qəbul olunmuşdu. Sessiyanın Bakıda keçirilməsi Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinə görə göstərilən etimad idi. Azərbaycan pandemiya dövründə etdiyi humanitar yardımlar və keçirdiyi videokonfransla da bunu isbatlamışdı. Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Respublika 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaltmağı qarşısına məqsəd qoyub. 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılması da başlıca hədəflərdəndir. Prezident İlham Əliyev işğaldan azad edilmiş Azərbaycan torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub. Azərbaycan tədbirə uğurla ev sahibliyi etməklə beynəlxalq ictimaiyyətin bir daha etimadını və etibarını qazandı.
COP29 bir daha sübut etdi ki, Azərbaycan dünyada böyük nüfuza malik, beynəlxalq ictimaiyyətin gözündə etibar, hörmət qazanmış dövlətdir. Rəsmi Bakı sessiyanı uğurlu təşkil etməklə ona etimad edənlərin də ümidlərini doğrultmuş oldu. Bu, çoxlu sayda dövlət və hökumət başçılarının, onminlərlə qonağın tədbirdə iştirakında və təşkilatçıya ünvanladıqları xoş sözlərdə də əksinin tapıb. Bununla da COP29 ən çox dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirlərdən biri olub. Sessiyanın sonrakı günlərində 76 min nəfərin qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord sayılır. Beləliklə, Azərbaycan bu qlobal toplantını uğurla təşkil etməklə daha bir sınaqdan uğurla çıxdı.
Fariz Sadıqlı,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi