insanhaqlari.az

Qərb siyasətçiləri Ermənistanın törətdiyi vandalizmi unutdurmağa çalışırlar

13-11-2024 Baxılıb: 23

  

     Bildiyimiz kimi, Dövlətimizin Başçısının  2020-ci il dekabrın 3-də imzaladığı sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra layihə hazırlandı və tikinti işlərinə başlanıldı. Sərəncamın hansı səviyyədə icra edilməsi artıq tək bizim yox, bütün dünyanın gözü qarşısındadır. Noyabr ayının 8-də cənab İlham Əliyev Zəfər parkının açılışında iştirak etmiş və çıxışında bir sıra mesajlar vermişdir. O mesajlar ki, bizim dostlarımız məmnunluqla qarşıladılar, Ermənistanda isə silkələnmə effekti yaratdı. Dövlət başçımız xatırlatdı ki, son otuz ildə bizi işğal faktı ilə barışmağa çağıran bəzi Qərb siyasətçiləri indi də Ermənistanın Azərbaycan ərazilərində törətdiyi terror və  təxribatları, Xocalı soyqırımını, ərazilərimizin 20 faizinin viranəliyə çevrilməsini, milli-mədəni, tarixi və dini abidələrimizin vəhşicəsinə yerlə yeksan edilməsini unutdurmağa çalışırlar. Ancaq əbəs yerə, biz həmin vandalizmləri unutmayacağıq.

     Cənab Prezidentin nitqində deyildiyi kimi, indi Ermənistanın bəzi Qərb havadarları bu vəhşilikləri törətmiş ölkədən  “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşiliklər  olmayıb, Xocalı soyqırımı olmayıb: “Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır”.

     Bəli, öz havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistan rəhbərlərinin Qarabağ və Şərqi Zəngəzurda gördükləri iş ancaq sökmək, dağıtmaq, yandırmaq, əraziləri minalamaqdan ibarət olmuşdur. Yəni hamısı bir nəfər kimi bayquş xislətlidirlər. Bayquş isə heç zaman sülh, əmin-amanlıq, tərəqqi, quruculuq istəyə bilməz. Onlar nəinki işğal etdikləri ərazilərdə, hətta, indi Ermənistan adlanan tarixi türk torpaqlarında da bütün tarixi, mədəni və dini abidələrimizi yox edəndə də öz bayquş simalarını göstərmişdilər.

     Onların bayquşluğunu sübut edən başqa bir fakt isə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxdı.  Belə ki, müharibənin dayandırılması üçün Kremlə yalvararaq kapitulyasiya aktına imza atmağı məqsədəuyğun sayan İrəvan rəhbərləri əvvəlcə sülh sazişi imzalamağa razılıq versə də, dörd ildir ki, sülhdən, əmin-amanlıqdan, regional sabitlikdən qaçırlar. Dövlət başçımız çıxışında  bu məsələyə daha konkret münasibət bildirərək bildirdi ki, İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir: “Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Təəssüf ki, özünü Ermənistanın dostu adlandıran Qərb dövlətləri öz  maraqlarını təmin etmək üçün  bu Cənubi Qafqaz ölkəsini  qurban vermək istəyirlər. Onlar  yenə də regionda  ara qarışsın, yenə də qan tökülsün, yenə də  bulanıq suda balıq tuta bilsinlər deyə Ermənistanı sülh sazişindən yayındırır, əksinə silahlandırırlar. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar”.

 Aysel Əsədova,

Salyan şəhər 18 saylı uşaq bağçasının müdiri

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930