İndoneziyada qızıl mədənində torpaq sürüşməsi baş verib, ölənlər var
İndoneziyanın Qorontalo əyalətində yerləşən qızıl mədənində torpaq sürüşməsi nəticəsində azı 17 nəfər həlak olub. Hazırda xilasedicilər torpaq altında qalan insanların axtarışını davam etdirir.
Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, yerli fövqəladə hallar xidməti hadisə nəticəsində 45 nəfərin torpaq altında qaldığını güman edir. Eyni zamanda, xilasedicilər 50-dən çox insanı xilas etməyə nail olublar.
Ötən həftənin sonlarında güclü yağışlar Sulavesi adasındakı mədəndə də torpaq sürüşməsinə səbəb olmuşdu.
Qeyd edək ki, İndoneziyada qeyri-qanuni qızıl hasilatı geniş yayılıb. Burada yoxsul insanlar qiymətli metalı çıxarmaq üçün böyük təhlükələrlə üzləşirlər. Mədənlərdə təhlükəsizlik standartlarının olmaması səbəbindən mütəmadi olaraq ölümlə nəticələnən qəzalar baş verir.