insanhaqlari.az

İsmayıllının üç kəndi ilə əlaqə kəsildi, sakinlər köməksiz qaldılar: Dövlət qurumları hərəkətə keçdi - AÇIQLAMA

27-06-2024 Baxılıb: 11

 

"Qoydan kəndinə yaxın dağlıq yamacda baş verən torpaq sürüşməsi lil halında kəndin mərkəzinə doğru hərəkətdədir".

Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mahmud Süleymanov verib.

Məlumatda bildirilir ki, İsmayıllı rayonu ərazisində aramsız yağan yağışlar nəticəsində Qoydan kəndində 21.06.2024-cü il tarixdə axşam saatlarından başlayaraq kəndə yaxın dağlıq ərazidən yaşayış evlərinə doğru torpaq sürüşməsi müşahidə edilir.

"Sürüşmə nəticəsində Əsgər Nuru oğlu Musayevə məxsus həyətyanı torpaq sahəsində yerləşən iki fərdi yaşayış evinə real təhlükə yaranıb.

Kəskin relyefdə yerləşən Qoydan kəndinə yaxın dağlıq yamacda baş verən torpaq sürüşməsi lil halında kəndin mərkəzinə doğru hərəkətdədir.

İlkin təxirəsalınmaz tədbirlər çərçivəsində qeyd olunan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (FHN) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) məlumat verilib, vətəndaş Musayev Əsgər Nuru oğlunun evdən dərhal çıxması barədə qərar qəbul edilib.

Hazırda hava yağıntılı olduğundan Girdiman və Siyəru çaylarında sel səbəbindən kəndlə nəqliyyat əlaqəsi kəsilib. Kəndin kommunikasiya xətlərinin işlək vəziyyətdə olması və təbiət hadisəsinin dinamikası tərəfimizdən nəzarətdə saxlanılır. Hava şəraiti imkan yaratdığı təqdirdə kəndin ərazisinə ağır texnikaların cəlbi istiqamətində tədbirlər görüləcək", - deyə M.Süleymanov vurğulayıb.

İsmayıllı rayonunun Əhənd, Qoydan, Dvoryan kəndlərində elektrik enerjisinin kəsilməsi ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirki ki, elektrik enerjisinin tam təmin olunması üçün kənd yollarının açılmasına ehtiyac var.

"Əməkdaşlarımız sözügedən kəndlərdə öz imkanları daxilində görə biləcəkləri bütün işləri görürlər və o hissələrdə elektrik enerjisinin verilməsi təmin olunur. O yerlərdə ki, texnikaya ehtiyac var, gözləmək məcburiyyətindəyik. Çünki yol bağlıdır. Yol açılan kimi qəza xidməti əraziyə keçib, hər üç kənddə sel aparan dayaqları yenisi ilə əvəz edəcək", - deyə V.Aydınoğlu bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə Oxu.Az-ın sorğusuna cavab olaraq kənd yollarının açıq olduğunu və gediş-gəlişdə hər hansı problem olmadığını diqqətə çatdırıb.

"Hazırda bizim Lahıc yolunda müəyyən problemlərimiz var. Həmin yolda iki hissədə - Lahıc qəsəbəsinin girişində və Lahıc yolunun üzərində, bir yerdə qaya süxurları və lil qatını sel suları yolun hərəkət hissəsinə gətirib.

Bir az əvvəl Lahıc yolunda qaya süxurlarının yolun hərəkət hissəsinə düşməsi səbəbindən müəyyən çətinlik yaranıb. Hazırda ərazi texnikalar vasitəsi ilə təmizlənir. Yolboyu hərəkət olsa da, çətinlik yaranan hissədə problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Qoydan və Dvoryan kəndləri Agentliyimizin balansında deyil, amma Əhənd yolu açıqdır, o yolda da hər hansı problem yoxdur. Balansımızda olan digər kəndlərə gediş-gəlişin təmin olunması istiqamətində də işlər aparılır. Hazırda güclü yağış yağmasına baxmayaraq texnikalarımız ərazilərə səfərbər olunub və işləyirlər", - deyə A. Nəcəfli qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, aidiyyəti qurumların nümayəndələrindən ibarət birgə komissiya tərəfindən qısa müddətdə əraziyə baxış keçiriləcək.

Kənd sakinlərinin Oxu.Az-a verdiyi son məlumata görə isə bu dəqiqələrdə Namazgah kəndindən Lahıca gedən yolda bir neçə yerdə dağ uçqunu baş verib, bu səbəbdən gediş-gəliş tamamilə dayanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930