Qarabağ universitetinin yaradılması tarixi hadisədir
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşdə Qarabağ Universitetinin yaradılmasının tarixi hadisə olduğunu vurğuladı. Universitet üçün gözəl yataqxana yaradıldığını, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcəyini söyləyən dövlətimizin başçısı Qarabağ Universitetinin ölkəmizin aparıcı ali məktəblərindən birinə çevriləcəyinə ümid etdiyini bildirdi.
Qeyd edək ki, Prezident cənab İlham Əliyev 2023-cü il noyabrın 28-də Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilr ki, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs (bundan sonra – Universitet) yaradılsın. Sərəncamda həmçinin bildirilir ki, “Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır”.
Ötən əsrdə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji İnstitutu artıq Qarabağ Universiteti adı ilə ikinci həyatına başlayır. Universitetin qurulması həmin ərazilərin iqtisadi potensialına uyğun olaraq yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək. Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi deyil, həm də bir elmi mərkəz olacaqdır. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Universitetinin 1200 tələbəsi və 160 əməkdaşı var. Əməkdaşlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür. Universitetdə ölkəmizin hər bir bölgəsindən tələbə təhsil alacaq. Fəxr olunası haldır ki, yüksək bal toplayan tələbələrin seçimi məhz Qarabağ Universiteti oldu.Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya mövcuddur. Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondu Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyatla təmin olunub. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana biləcəklər.
Bu gün qürurla deyə bilərik ki ,Azərbaycanın suveren ərazisində belə bir universitetin yaradılması beynəlxalq aləmə də bir mesajdır ki, biz öz tarixi torpağımıza qayıtmışıq və ermənilərin saxtalaşdırdıqları tariximizi yenidən yazacağıq, yenidən təbliğ edəcəyik. Bu öz ərazilərində suverenliyini bərpa edən Azərbaycan dövlətinin ən böyük uğurudur. Biz o ali məktəbə gənclərimizi cəlb etməklə bir daha dünyaya göstərəcəyik ki, Xankəndi, Qarabağ Azərbaycanın tarixi torpağı, ayrılmaz hissəsidir. Qarabağ Universiteti də bu məsələdə önəmli missiya daşıyır və dövətçiliyin və elm tariximizin yeni mərhələsinin ən vacib örnəklərindən biri kimi özünü göstərəcəkdir.
Şahmar Cavadov,
Salyan rayon Şorsulu kənd inzibati ərazi
dairəsi üzrə nümayəndənin müavini