Yol polisi “2024 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2024 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib.
İdarənin mətbuat xidmətindənbildirilib ki, sabah başlayacaq yarışlarla əlaqədar bəzi küçələrdə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etmələri xahiş olunur.
Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.
Bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.