Binəqədidə saxlanılan narkoşəbəkənin 5 üzvündən 28 kiloqram narkotik vasitə aşkarlanıb
Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı əməliyyatlar keçirilib. Əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş Ruslan Azadzadə, Röyal Feyzullayev, Zaur Abdullayev, Fərid Rəcəbov və Mahir Əliyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlardan ümumilikdə 28 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 7 kiloqram tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkandan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan qərarı verilib.
R.Azadzadə, R.Feyzullayev, Z.Abdullayev, F.Rəcəbov və M.Əliyevin daxil olduqları mütəşəkkil dəstənin digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.