İnkişaf etməkdə olan ölkələrdə enerji keçidini sürətləndirmək məqsədini daşıyan layihələrə Britaniya hökuməti tərəfindən 79 milyon funt sterlinqlik iqlim maliyyəsi ayrılıb.
insanhaqlari.az xəbər verir ki, bu vəsait iqlim böhranından ən çox təsirlənən, o cümlədən Afrika ölkələri və kiçik ada dövlətlərində təmiz enerji innovasiyalarını dəstəkləyəcək.
COP29-da iştirak edən Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend qeyd edib ki, bu vəsait dünyanın ən həssas təbəqələrini dəstəkləməklə yanaşı, karbon emissiyasız iqtisadiyyatların yaratdığı qlobal inkişaf imkanlarını üzə çıxaracaq.
Maliyyə vəsaiti aşağı karbon texnologiyaları, enerji saxlama sistemləri, sıfır emissiyalı generatorlar və təmiz nəqliyyat sahəsindəki yeniliklərə, həmçinin polad, kimya, sement və beton sənayelərinin dekarbonizasiyasına yönəldiləcək.
Bu məbləğ Birləşmiş Krallığın 2026-cı ilə qədər beşillik dövr ərzində iqlim maliyyəsi üçün ümumi 11,6 milyard funt sterlinqlik öhdəliyinin bir hissəsini təşkil edir. Bu vəsaitin 45 milyon funt sterlinqi inkişaf etməkdə olan və yeni yaranan ölkələrin enerji problemlərinin həllinə kömək edən Dünya Bankının enerji sektorunun idarə edilməsi yardım proqramına ayrılacaq. Birləşmiş Krallığın milli innovasiya agentliyi olan “Innovate UK” inkişaf etməkdə olan ölkələrdə təmiz enerji innovasiyalarını dəstəkləmək üçün 15 milyon funt sterlinq alacaq.
14 milyon funt sterlinq sənaye dekarbonizasiyası və təmiz hidrogen layihələrini dəstəkləmək üçün BMT-nin Sənaye İnkişafı Təşkilatına yönəldiləcək, 5 milyon funt sterlinq isə inkişaf etməkdə olan ölkələrə fosil yanacaqlarında metan emissiyaları ilə mübarizə aparmağa kömək etmək üçün ayrılıb.
Ed Milibend iqlim dəyişikliyinin sərhəd tanımadığını deyib: “Birləşmiş Krallıq da bu il rekord dərəcədə isti havaya şahidlik edib. Buna görə də biz həm ölkəmizdə, həm də dünyada gələcək nəsilləri qorumaq üçün ön sırada olmaq və qlobal dəyişikliklərə rəhbərlik etmək əzmindəyik”, - deyə nazir qeyd edib.