Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dünya üçün əhəmiyyətli cəhətlərindən biri də məhz qlobal iqlim dəyişmələrinin ağır fəsadlarından əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin, xüsusən də ada dövlətlərinin problemlərinin aradan qaldırılması istiqamətində qərarların qəbul edilməsi və onlara praktik kömək göstərilməsidir. Noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitinin keçirilməsi bunun nəticəsidir. Azərbaycan Prezidenti dünyada haqqın, ədalətin, demokratiyanın tərəfdarı olduğu üçün hər bir dövlətin müstəqilliyinə, tam suverenlik qazanmasına qayğısını əsirgəmir. Bu baxımdan da kiçik ada dövlətlərinin Sammitinin təşkil olunması və həmin Sammitdə cənab İlham Əliyevin çıxışında bir çox müstəmləkəçi dövlətlərə öz mesajlarını ünvanlaması təbiidir və bu dövlətimizin bəşəri ideyalarından irəli gəlir.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini müxtəlif beynəlxalq platformalarda nümayiş etdirir. Xüsusilə BMT və onun xüsusi agentlikləri çərçivəsində Azərbaycan bu ölkələrin qlobal problemlərinin həllində fəal iştirak edir və onlara hərtərəfli dəstəyini göstərir. Kiçik ada dövlətləri əsasən iqlim dəyişikliyi, dəniz səviyyəsinin artması və iqtisadi çətinliklərlə üzləşdiyi üçün, Azərbaycan onların səsini daha geniş miqyasda eşitdirməyə və onların maraqlarını qorumağa çalışır. Bu dəstək, həmçinin qlobal həmrəyliyin gücləndirilməsinə və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına yönəlmişdir. Azərbaycan müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərək, kiçik ada dövlətlərinin xüsusilə iqlim dəyişikliyinə qarşı mübarizədə güclü dəstəyə ehtiyaclarını vurğulayır və bu məsələlərdə qlobal birlik çağırışı edir. İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmişə həmrəy olan Azərbaycan COP sədrliyindən əvvəl də onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib. Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə bu məsələ diqqətdə olub. Hərəkatda sədrliyi zamanı Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxaraq bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib. Pandemiya zamanı Azərbaycan 80-dən çox ölkəyə, o cümlədən, 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Azərbaycan 33 inkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayırlb. Bundan əlavə, həmin dövlətlərin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanları genişləndiriləcək. İndiyədək 10-dan çox inkişaf etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb. Ölkəmiz tərəfindən həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verilib.
Prezident cənab İlham Əliyev keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi İnkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan edib. Bu çağırışla beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət edib. Azərbaycan özü bu çağırışa vəsait ayıran ilk ölkə olub.
Azərbaycan dövləti daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və bunu yolverilməz hesab edir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışlarda da Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən addımları təqdir edilir. COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident cənab İlham Əliyevə təşəkkürlərini ifadə etdilər.
Bir sözlə, bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir. Dövlət başçısının söylədiyi kimi, Azərbaycan COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcək.
Sitarə Təhməzova,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru