Azərbaycan qlobal iqlim məsələlərinin müzakirəsi üçün vacib platformadır.
Noyabrın 12-də Bakı şəhərində keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident cənab İlham Əliyevin çıxışı bir sıra mühüm məqamları əhatə edir. Bu mötəbər tədbir iqlim dəyişikliyi ilə mübarizənin beynəlxalq səviyyədə müzakirə olunduğu ən önəmli platforma kimi diqqət çəkir.
Dövlətimizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə fəal iştirakını və bu sahədə təşəbbüslərini vurğulayan cənab İlham Əliyev, həmçinin Azərbaycanın yenilənə bilən enerji və davamlı inkişaf siyasətinin ölkənin strateji prioritetləri arasında olduğunu bildirib. İqlim dəyişikliklərinin yaratdığı təhlükələrin yalnız milli deyil, qlobal məsələ olduğunu qeyd edən Azərbaycan Prezidenti bütün dövlətlərin əməkdaşlığının vacibliyini diqqətə çatdırıb.
Dövlət başçısı çıxışında, həmçinin Azərbaycanın yaşıl enerji layihələrinə və bu istiqamətdə gələcək planlarına geniş yer ayırıb. Ölkə külək və günəş enerjisi kimi bərpaolunan mənbələrdən istifadə etməklə, regionda enerji təhlükəsizliyinin təminatçısı olmağı hədəfləyir. Bu, Azərbaycanın davamlı inkişaf məqsədlərinə verdiyi önəmi göstərir və dünya üzrə bərpaolunan enerji sahəsindəki səylərə dəstək olur.
İqlim dəyişikliyi ilə mübarizənin yalnız bir dövlətin səyi ilə deyil, beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilə biləcəyini vurğulayan Azərbaycan Prezidenti bu cür sammitlərin ölkələr arasında fikir mübadiləsi aparmağa və təcrübə mübadiləsinə şərait yaratmağa xidmət etdiyini bildirib. Ölkəmizin artıq bir neçə mühüm enerji layihəsinə start verdiyini və bu təşəbbüslərin həm milli, həm də qlobal miqyasda ekoloji tarazlığın qorunmasına yönəldiyini qeyd edən cənab İlham Əliyev Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı gələcəkdə də qlobal səylərə dəstək olacağını və davamlı inkişaf üçün yeni strategiyalar hazırlayacağını bəyan edib.
Bu çıxış Azərbaycan Respublikasının qlobal iqlim siyasətindəki mövqeyini gücləndirmək, beynəlxalq əməkdaşlığı təşviq etmək və davamlı enerji strategiyalarına verdiyi dəyəri nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir.
Bu tədbir həmçinin Azərbaycanın gələcəkdə iqlim problemlərinin həllində mühüm rol oynayacağını və digər ölkələrə nümunə olacağını təsdiqləyir. COP29-un sədri kimi Azərbaycan həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr arasında konsensusun əldə olunmasına töhfə verməyi hədəfləyir. Bu, qlobal iqlim dəyişikliyi ilə mübarizədə ortaq və səmərəli həll yollarının tapılması üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu mühüm vəzifəni yerinə yetirərkən hər iki tərəfin maraqlarını nəzərə alacaq və ədalətli, balanslı qərarların qəbul olunmasına çalışacaq.
Qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malik olan ölkəmizi dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası neft dövləti adlandıraraq bizi ekologiyanı korlamaqda ittiham etməsi absurddur. Necə deyərlər, öz gözlərində tiri görməyənlər, özgə gözündə tük axtarmaqla məşğuldurlar. Halbuki, Azərbaycanda həyata keçirilən meqalayihələr göstərir ki, bu, tezliklə bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək. Ölkəmizin başçısı öz çıxışında deyib: “Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.
Azərbaycanın sədrliyi dövründə qlobal səviyyədə daha inklüziv müzakirələr aparılacaq, iqlim tədbirlərinin hər kəs üçün əlçatan və effektli olmasını təmin etmək məqsədilə müxtəlif tərəflərin maraqları harmonizasiya ediləcək. Bu yanaşma, COP29-u daha məhsuldar bir konfrans halına gətirəcək və iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinin birgə fəaliyyətinə şərait yaradacaq.
Şəhla Rəhimova,
Salyan şəhər 7 saylı məkəb-liseyin müəllimi, Əməkdar müəllim