Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “İdman COP29-un kölgəsində - Dayanıqlı hərəkat üçün “Fit” həllər” mövzusunda tədbir keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin əsas hədəfi COP29-un məqsədlərinə uyğun olaraq idmanın dayanıqlı təcrübələrin təbliğatındakı əhəmiyyəti və iqlim fəaliyyətinə göstərilə biləcək dəstəyin gələcək təşəbbüslər üçün vacibliyini vurğulamaq olub.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovun moderatorluğu ilə baş tutan tədbirdə İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) Baş katibi Nasser Ayman Majali, “Real Betis” fondunun baş meneceri Rafael Muela Pastor və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Baş direktoru Təhminə Tağızadə çıxış edərək, perspektivləri müzakirə ediblər.
Bundan başqa, iqlim mövzusunda gənc təşəbbüslərin təqdimatına da yer ayrılıb. Belə ki, Mavi Planet Alyansının Qlobal Səfiri Zek Lubin və “SECOTO International Green” şirkətinin təsisçisi və baş icraçı direktoru Patiens Şumbuşo da çıxış ediblər.