insanhaqlari.az

Prezident İlham Əliyev: Azərbaycan-Əlcəzair münasibətlərinin daha da genişlənməsinə xüsusi önəm veririk

01-11-2024 Baxılıb: 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Prezident Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.

Milli bayram münasibətilə Prezident Abdelmacid Tebbunu və Əlcəzair xalqını təbrik edən dövlətimizin başçısı məktubunda bildirib: “1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunmuş, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilmişdir. Bir əsrdən artıq davam edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq xalqınız heç bir zaman müstəqillik əzmini itirməmiş, böyük fədakarlığı, cəsarəti ilə, Vətən uğrunda canlarını fəda edən milyonlarla şəhidinin canı və qanı bahasına azadlığını əldə etmişdir.

Hazırda Azərbaycan-Əlcəzair münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Biz bu əlaqələrin daha da genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə xüsusi önəm veririk.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Prezident İlham Əliyev belə bir əlamətdar gündə əlcəzairli həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930