insanhaqlari.az

Logistika mərkəzi.

28-10-2024 Baxılıb: 17

 

     Bildiyimiz kimi, cari ilin oktyabr ayının 24-də  Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/ “BRICS+” formatının ilk plenar iclası dünyaya bir sıra mühüm mesajların verilməsi ilə yadda qaldı. Sammitdə Azərbaycan Prezidenti cənab  İlham Əliyevin də iştirak etməsi ölkəmizin nüfuzlu qlobal platformaya doğru praktik addımlar atdığının təsdiqi deməkdir. Dövlət başçımızın Kazan şəhərində keçirilən BRİCS sammitində iştirakı, səfər əsnasında bir sıra mühüm görüşlər keçirməsi ölkəmiz üçün olduqca böyük əhəmiyyət daşıyır. 36 dövlət və 6 beynəlxalq təşkilatdan ibarət nümayəndə heyətinin qatıldığı bu mötəbər tədbirdə iştirakımız BRİCS-də təmsil olunan dövlətlərlə münasibətlərimizin daha da inkişaf etməsi üçün töhfələr verir.

     Azərbaycan Prezidenti cənab  İlham Əliyev sammitin plenar iclasında çıxışı zamanı  Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu  və Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisində olan bütün seqmentlərinin uğurla fəaliyyət göstərdiyini qeyd etdi.

     Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Cənubi Qafqazda növbəti əməkdaşlıq imkanlarına yol açacaq yeni şərait yarandı. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Bu reallıqları Azərbaycan, onun Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev formalaşdırdı. Bu gün respublikamız Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında önəmli rola malikdir. Respublikamızda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin həyata keçirilməsi üçün bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə, Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, paytaxtda, habelə regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşməsində əhəmiyyətli rol oynamaqla yanaşı, respublikamızın tranzit potensialını daha da gücləndirib. Bütün bunlar deməyə əsas verir ki, artıq respublikamızın nəqliyyat təhlükəsizliyi təmin edilib. Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib və ölkəmizin fəal iştirakı ilə Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəhlizləri səmərəli fəaliyyətdədir. Şərq–Qərb nəqliyyat dəhlizi üzərində artıq iki qol–biri Çin–Qazaxıstan–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa, digəri isə Pakistan–Əfqanıstan–Türkmənistan–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa mövcuddur. Hər ikisi Azərbaycan ərazisindən keçir və təbii ki, respublikamızın imkanlarını daha da genişləndirir. Şimal-Cənub nəqliyyat dəhlizi isə Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir. Bu, sözügedən istiqamətdə də nəqliyyat təhlükəsizliyimizin təmin olunmasından xəbər verir. Hesablamalara görə, “Bir kəmər, bir yol” layihəsi tam işə düşdükdən sonra il ərzində Xəzər dənizi vasitəsilə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 25-30 milyon tona qədər artırılacaq. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturunun şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin icrası da Orta Dəhlizin inkişafına xidmət edir. Bu dəhlizin ən strateji xətlərindən biri Naxçıvan ilə quru əlaqələrin bərpası və muxtar respublikanın Xəzər-Aralıq dənizini birləşdirən körpüyə çevrilməsidir. Naxçıvanla kommunikasiya sisteminin qurulması üçün İpək yolunun məsafəsi və yüklərin çatdırılma sürəti daha əlverişlidir. Eləcə də, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Bütün bu amillər Azərbaycanın BRICS üçün önəmini xüsusilə artırır. Bu baxımdan, Azərbaycan-BRICS tərəfdaşlığı yaxın perspektivdə daha da güclənəcək.

     Ümumiyyətlə, Prezident cənab  İlham Əliyevin yürütdüyü xarici siyasət istər beynəlxalq təşkilatlar, forumlar səviyyəsində, istərsə də ayrı-ayrı ölkələr səviyyəsində Azərbaycanı inanılmış və güvənli bir tərəfdaşa çevirib. Bu gün müstəqil Azərbaycan dövləti Prezident cənab  İlham Əliyevin rəhbərliyi ilə dünyada çox böyük uğurlara imza atır və adını tarixin şanlı səhifəsinə inamla yazır.

Məlakə Məlikova,

Salyan şəhər 5 saylı ümumi orta məktəbin direktoru

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930