insanhaqlari.az

Mühüm infrastruktur layihə.

25-10-2024 Baxılıb: 17

  

     İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Düşmənin möhkəmləndirilmiş istehkamları və strateji yüksəkliklərdə yerləşən hərbi qüvvələrinə qarşı aparılan mübarizə nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri  tam azad edildi. Bu şanlı zəfər rayonun gələcək inkişafı üçün yeni üfüqlər açdı. Qubadlının azad edilməsi sadəcə hərbi uğur deyil, həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafını təmin edəcək strateji bir mərhələdir. Ərazilərin bərpası və inkişafı istiqamətində atılan addımlar Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident cənab  İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində bu istiqamətdə qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər bu torpaqların qısa müddətdə cənnətməkana çevriləcəyinin bariz nümunəsidir. Bu gün digər işğaldan azad edilmiş bölgələrdə olduğu kimi, Qubadlı rayonunun da inkişafı ilə bağlı genişmiqyaslı işlər aparılır, infrastruktur layihələri icra olunur. Rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri müasir normalara uyğun olaraq, təbiəti və tarixi keçmişi nəzərə alınaraq yenidən qurulur.

     Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Qubadlı-Eyvazlı avtomobil yoludur. 28.5 km uzunluğa malik avtomobil yolu 2 zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Cari il ərzində tikintisinin başa çatdırılması planlaşdırılan Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.   

     Məlum olduğu kimi, ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturun yenidən qurulması ilə bağlı çoxsaylı layihələr icra olunub. Dövlət sərhədi boyunca 1200 kilometrtlik torpaq yol tikilib. Bölgədə ümumilikdə 21 yol infrastruktur layihəsi icra olunur. Son 3 il ərzində işğaldan azad olunmuş ərazilərdə 101,5 kilometrlik Zəfər yolu, Şükürbəyli–Cəbrayıl, Bərdə–Ağdam, Tərtər–Suqovuşan–Talış (1-ci mərhələ), eləcə də Laçın şəhərinə girmədən alternativ yol tikilib istifadəyə verilib. Hazırda isə Əhmədbəyli–Füzuli-Şuşa, Horadiz–Ağbənd, Şükürbəyli–Cəbrayıl–Hadrut, Xudafərin–Qubadlı–Laçın, Toğanalı-Kəlbəcər 1-ci dərəcəli maqistral və Füzuli–Ağdam, Füzuli–Hadrut, Laçın–Kəlbəcər, Xanlıq–Qubadlı 2-ci dərəcəli yolların tikintisi davam etdirilir. Bütövlükdə isə, sözügedən layihələr çərçivəsində 855 kilometr yol və 66 kilometr uzunluğunda tunel inşa olunur. Hazırda inşa olunan Zəngilan-Qubadlı-Laçın dördzolaqlı avtomobil yolu Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.

     Beləliklə, bu gün Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma işləri nəhəngliyinə görə dünyada ön yerlərdədir. Bölgədə həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, enerji layihələri icra olunur, həm də dəmir yolları, tunellər, hava limanları tikilir. Bütün bunlar Prezident  cənab İlham Əliyevin “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” ifadəsinin əyani göstəricisidir. Ərazilərin bərpası və inkişafı istiqamətində atılan addımlar Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 Leyla Cəbrayılova,

Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930