Qubadlının yeni inkişaf tarixi başlanıb.
Azərbaycanın ən dilbər guşələrindən biri olan Qubadlı rayonu 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qarabağ Azərbaycan xalqının tarixi-mədəni irsinin zəngin olduğu ərazidir. Onun hər yerində olduğu kimi Qubadlı rayonunda da Azərbaycan xalqının silinməz izləri var. Ermənilər öz ənənələrinə sadiq qalaraq Kəlbəcərdə etdikləri kimi, Qubadlıda da bu ərazini tərk edərkən vəhşiliklər törətdilər, əraziləri dağıtdılar. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 1080 kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdıldı.
Dörd il əvvəl Azərbaycan Ordusu 44 gün ərzində elə bir tarixi zəfərə imza atdı ki, biz bundan sonra işğal tarixlərinin acı, məyusedici xatirələrini, ildönümlərini deyil, qələbəmizin iftixarını, sevincini təntənəsini, torpaqlarımızın işğaldan azad olunduğu günləri qeyd edəcəyik. Artıq Qubadlının azad olunmasından dörd il ötür. Qubadlının işğaldan azad olunması Azərbaycan ordusunun Laçına, oradan isə Şuşaya gedən yolunu açdı. Nəzərə alsaq ki, düşmən burada 30 il ərzində istehkamlar quraraq möhkəmlənmişdi, bu mənada Qubadlı uğrunda gedən döyüşlər kifayət qədər ağır döyüşlər idi. Amma güclü Azərbaycan Ordusu bu döyüşdə də uğur qazanaraq, düşmənin bütün hədəflərini məhv etdi və Qubadlı 27 illik əsarətdən sonra azadlığına qovuşdu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 23.12.2020-ci il tarixində azad olunmuş Qubadlıya səfəri edərək Qubadlıda Azərbaycan bayrağının ucaltdı.
Artıq işğaldan azad edilmiş ərazilərimizə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfər etmələri ənənəyə çevrilmişdir. Bu ənənəyə sadiq qalaraq, Qubadlının azad olunmasının bir ili münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 25.10.2021-ci il tarixdə Azad olunmuş Qubadlıya səfər edərkən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində və “Qubadlı” yarımstansiyasının açılışında və Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə 2022-ci il oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.
Bu gün isə Qubadlı artıq özünün yeni inkişaf dövrünü yaşayır. Rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır”.Ölkə Prezidenti cənab İlham Əliyevin bu rayona etdiyi səfərlər Qubadlıda aparılan yenidənqurma işlərinin dövlətin diqqət mərkəzində saxlandığını təsdiq edir. Həmçinin ötən ilin may ayında cənab Prezident Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoymuşdur. Cənab Prezidentin bildirdiyi kimi, “Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi”. İşğaldan azad olunan Qubadlıda yeni bir həyat başlayır, abad, firavan və laləzarlığa qərq olmuş müasir Qubadlı çox keçməz ki, əzəli sakinlərini qoynuna alacaq.
Qəmbər Həsənov,
Salyan rayon Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndə