Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar.
AZƏRTAC məktubu təqdim edir:
“ATƏT-in fəaliyyətdə olan sədri cənab İan Borqa.
Avropa Şurasının Baş katibi cənab Alən Berseyə.
Biz Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq sizə üz tuturuq ki, 36 ildir Ermənistandakı tarixi yurd yerlərindən, şəxsi evlərindən zorla çıxarılmış, qaçqın vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlı hələ də İrəvana, Göyçəyə və digər tarixi məkanlara – Qərbi Azərbaycana qayıda bilmir.
Tarixən azərbaycanlıların yaşadıqları Ermənistanda azərbaycanlılara məxsus maddi və mədəni irsin silinməsinə yönəlmiş sistemli kampaniya aparılıb. Bu qəsdən məhvetmə onilliklərdir davam edir. Ürək ağrısı ilə qeyd edirik ki, 1870-ci ildə Ermənistan ərazisində qeydiyyata alınan 269 məsciddən bu gün yalnız biri qalıb. Bundan başqa, azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq da sistemli şəkildə məhv edilib.
Ermənistan Respublikasının paytaxtı İrəvan şəhəri vaxtilə Şəhər, Dəmirbulaq və Təpəbaşı kimi rayonlara bölünmüşdü. Azərbaycanlılar bu ərazilərdə şəhərin ilkin formalaşmasından etibarən 20-ci əsrin sonlarına qədər yaşayıblar. Azərbaycanlılar tərəfindən tikilən və məskunlaşılan Təpəbaşı məhəlləsinin adı sonradan dəyişdirilərək “Kond” adlandırılıb. Bu məhəllə Ermənistanda azərbaycanlılara məxsus mədəni irsin sağ qalan azsaylı nümunələrindən biridir. Lakin çox təəssüf ki, Ermənistan hökumətinin Azərbaycan xalqının mədəni irsinin silinməsi istiqamətində apardığı sistemli işin tərkib hissəsi olaraq qeyd edilən Təpəbaşı məhəlləsinin tamamilə dağıdılması planlaşdırılır.
Bu ilin mayında biz - Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri UNESCO-nun Baş direktoru xanım Odri Azuleyə açıq məktub ünvanlayaraq xahiş etdik ki, Təpəbaşı məhəlləsinin dağıdılmasının qarşısını almaq üçün təsirli tədbirlər görülsün, əraziyə faktaraşdırıcı missiya göndərilsin. Biz dağıntıların dayandırılması və bərpası üçün beynəlxalq hüququn normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoqa, qarşılıqlı fəaliyyətə hazır olduğumuzu bəyan etdik, UNESCO-nu dünya mədəni irsinin unikal nümunəsi kimi Təpəbaşı məhəlləsini öz mühafizəsinə götürməyə çağırdıq, monitorinq işlərində UNESCO ilə sıx işləməyə hazır olduğumuzu bildirdik. Ancaq bu müraciətimizə nə UNESCO-dan cavab gəldi, nə də insan hüquqlarının qorunmasını rəhbər tutduğunu elan etmiş Avropa Şurasından, ATƏT-dən bu məsələ barədə hər hansı narahatlıq bəyanatını gördük.
Azərbaycan xalqının Ermənistan ərazisindəki maddi irsinin dəyərli nümunələrindən olan İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi və bir çox başqa abidələr tamamilə dağıdılıb. İrəvan xanı Hüseyn Əli Xan tərəfindən 18-ci əsrdə tikilmiş Göy məscidin isə tarixi təhrif edilərək guya başqa xalqa məxsus məscid kimi təqdim olunur.
Ermənistan tərəfindən azərbaycanlılara məxsus mədəniyyət abidələrinin dağıdılması bir çox beynəlxalq konvensiyaları, o cümlədən İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktı, Ümumdünya İrs Konvensiyasını, Qeyri-maddi mədəni irsin qorunması və İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanı kobud şəkildə pozur.
Ermənistanın etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə ciddi ziyan vurub. Məsələn, UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına salınmış Azərbaycan aşıq sənətinin əsas məktəblərindən olan Göyçə aşıq məktəbi hazırda doğma köklərindən uzaq düşüb. Ermənistan tanınmış azərbaycanlı sənətkar Aşıq Ələsgərin doğulduğu Göyçə mahalındakı abidəsini və məzarını dağıdıb. Bu, Azərbaycan xalqına qarşı nümayişkaranə təhqirdir.
Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinin davamlı şəkildə məhv edilməsi bizim mədəni irsdən istifadə və mədəniyyətimizi qoruma hüququmuzu pozur. Bu davranışlar regionda sülh, dialoq və barışıq səylərinə ciddi maneə törədir.
Qeyd edilən məsələlərlə bağlı həm Avropa Şurasının, həm də ATƏT-in açıq mövqe ortaya qoymasını tələb edirik. Çünki indiki davranışın Azərbaycan torpaqlarının işğal altında saxlandığı illərdə Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə, azərbaycanlı köçkünlərin pozulmuş fundamental insan hüquq və azadlıqlarına göstərilən münasibətdən heç bir fərqi yoxdur. Azərbaycan cəmiyyəti haqlı olaraq ATƏT-ə, Avropa Şurasına və UNESCO-ya inamını itirib. Biz görürük ki, bu günlərdə 1 illiyini qeyd etdiyimiz antiterror əməliyyatından qısa müddət sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli addım atdı. Bu rəftar və münasibət qəbuledilməzdir, onu təşkil edənlər öz məqsədlərinə nail ola bilməyəcəklər.
ATƏT, Avropa Şurası məsələlərə ikili standartlar prizmasından yanaşmamalı, obyektiv və qərəzsiz olmalıdır. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri olaraq biz bütün aidiyyəti təşkilatlarla bu istiqamətdə əməkdaşlığa, əlavə məlumat verməyə, azərbaycanlıların Ermənistandakı maddi və mədəni irsinin qorunması üçün səylərə vasitəçilik etməyə hazırıq.
Bu xüsusda sizi Ermənistanı beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycan xalqına məxsus mədəni irsin bərpasına və qorunmasına təşviq etməyə çağırırıq. Ermənistan BMT Nizamnaməsində və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əksini tapmış prinsiplərə uyğun olaraq, azərbaycanlıların mədəni-tarixi irsinin müdafiəsini, onların öz ata-baba yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməlidir.
İmzalar:
1. Əziz Ələkbərli - Qərbi Azərbaycan İcması
2. Əmir Əliyev – İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyi
3. Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası
4. Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
5. Ramil İsgəndərli - Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri
6. Nərminə Ağayeva - "İrəvan Mədəni İrsinin Təbliği" İctimai Birliyi
7. Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi
8. Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti
9. Səadət Bənənyarlı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi
10. Səltənət Qocamanlı “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyi
11. Mübariz Əsgərov - “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi
12. Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi
13. Şeyda Allahverdiyeva – “İCOMOS Azərbaycan” İctimai Birliyi
14. Qəmər Bağırova - Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi
15. Ülviyyə Bəbirova - “Mədəniyyət Könüllüləri” İctimai Birliyi
16. Türkay Qasımzadə - Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası
17. Esmira Fuad - Əbədi Turan Kitab Fondu
18. Sevda Tahirli - Mirzə Ələkbər Sabir Fondu
19. Şahin Qədirov - "Zirvə" Mədəniyyət və İncəsənət İctimai Birliyi
20. Fəridə Mirişova- “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi
21. Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi
22. Telman Qasımov - Elmi Araşdırmalar İctimai Birliyi
23. Xatirə Vəliyeva - “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyi
24. İbrahim İbrahimli – "Bir Təbəssüm" Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyi”.