17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır.
Şanlı Zəfər yürüşünün – 44 günlük Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Müzəffər Ali Baş Komandanın mükəmməl hərbi taktikası, qəhrəman ordumuzun şücaəti nəticəsində düşmənin onilliklərlə qurulan və “məğlubedilməzliyi” iddia olunan müdafiə səddi məhz bu döyüşlərdə yarıldı. Azərbaycan Ordusu düşmənin Füzulidə yüksək istehkam qurduğu mövqeləri darmadağın edərək peşəkarlığını nümayiş etdirdi. Füzuli uğrunda aparılmış savaş Azərbaycan dövlətinin və Ordusunun qüdrətini, xalqımızın yenilməzlik əzmini nümayiş etdirmişdir. O zaman bir sıra hərbi mütəxəssislər bu fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün, bəlkə, aylarla vaxt lazım olacaq. Buna baxmayaq, Silahlı Qüvvələrimiz keçilməz hesab edilən istehkamları yararaq irəlilədi, şanlı Ordumuzun şücaəti qarşısında işğalçı qüvvələr son mərhələdə öz silahlarını yerə qoyub qaçdı. Düşmən və bütün dünya Azərbaycanın gücünü gördü. Füzulinin işğaldan azad olunmasından sonra dövlət başçısı cənab İlham Əliyev dəfələrlə buraya səfər edib. 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri Füzuli beynəlxalq hava limanının açılış mərasimində iştirak ediblər. Cənab İlham Əliyev tərəfindən Füzuli beynəlxalq hava limanı “Qarabağın hava qapısı” elan olunub. Bu, Qarabağın Azərbaycan iqtisadiyyatına inteqrasiyası baxımından olduqca mühüm əhəmiyyət daşıyır.
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, insanlar doğma yurd-yuvalarına dönürlər. Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz. Böyük Qayıdış Proqramı çərçivəsində Füzulidə də yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur. Artıq Füzuli şəhər sakinlərinin bir qrupunun qayıdışı təmin edilib. Bundan sonra füzulililərin mərhələli şəkildə doğma yurda qayıdışı davam edəcək. Keçmiş köçkünlər böyük qürur və fəxarət hissi ilə şəhər günlərini dədə-baba torpaqlarında qeyd edəcəklər. “Füzuli Şəhəri Günü” onlara Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu tərəfindən verilən ən böyük hədiyyə olaraq qalacaq. Dövlət başçısı Füzuli rayonunda 2026-cı ilin sonunadək 22 min insanın, bütövlükdə isə azad edilmiş ərazilərimizdə 140 min sakinin yaşayacağını söyləməklə, əslində, Azərbaycan dövlətinin qüdrətini bir daha ifadə etmiş oldu. Füzulinin, həmçinin digər tarixi torpaqlarımızın işğaldan azad olunmasında qətiyyət göstərən və buna nail olan cənab İlham Əliyev heç bir dövlətdən yardım almadan Qarabağ və Şərqi Zəngəzuru dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun olaraq ən müasir yaşayış məskəninə çevirmək əzmindədir. Düşmənin xaraba qoyduğu bütün şəhər, qəsəbə və kəndlərimizin tezliklə nümunəvi abad yaşayış məskəninə çevrilməsi heç kimdə şübhə doğurmur. Rayon ərazisində kənd təsərrüfatının inkişafı üçün aqroparklar salınır, eyni zamanda, yeni sənaye müəssisələri tikilir ki, bu da yerli iqtisadiyyatda canlanma deməkdir. Həmçinin turizm potensialının artırılması istiqamətində tarixi və təbii məkanların yenidən bərpası bölgəyə turist axınının artmasına şərait yaradır. Şəhərin abadlaşması çərçivəsində yeni parklar və yaşıllıq zonaları salınır. Bu layihələr ərazinin ekoloji vəziyyətini yaxşılaşdırır. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Füzuli rayonu ərazisində də genişmiqyaslı yenidənqurma və bərpa işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Şirinxanım Səmədova,
Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru