Azərbaycan Ulu Öndərin siyasi strategiyasına uyğun olaraq güclü dövlət, qalib xalq kimi yaşayır.
15 oktyabr müasir müstəqil Azərbaycanın şanlı tarixinə ən önəmli günlərdən biri kimi yazılıb. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğalçılardan təmizlənən tarixi torpaqlarımızda-Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda, Sərsəng su anbarının ərazisində və Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Dövlət bayrağımızın ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanması müstəqillik tariximizdə çox mühüm hadisə olmaqla yanaşı, Azərbaycanda separatizmin kökünün tam kəsildiyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Respublikasının Dövlət Bayrağının Xankəndində dalğalandırılması xalqın uzun illər boyu gözlədiyi bir arzunun gerçəkləşməsi idi. Azərbaycanın dövlətçiliyinin sarsılmazlığını və xalqın öz torpaqlarına olan müqəddəs sevgisini təcəssüm etdirən həmin gün yalnız bir coğrafi ərazinin deyil, həm də ölkəmizin müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu.
Cənab İham Əliyev 2003-cü ildə prezident olduğu ilk gündən etibarən dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın suverenliyinin təmin edilməsi istiqamətində böyük addımlar atmışdır. O öz idarəçiliyi dövründə verdiyi vədlərə əməl edərək, xalqın ona olan etimadını doğrultmuşdur. İlham Əliyevin yeritdiyi xarici siyasətdə də bu proses prioritet yer tutmuşdur. Beynəlxalq arenada Azərbaycanı gücləndirən və ölkənin maraqlarını qoruyan siyasət yürüdərək, dövlətin siyasi və iqtisadi mövqeyini dünya miqyasında möhkəmləndirmişdir. Azərbaycanda aparılan iqtisadi islahatlar və ölkədə yaradılan sabit iqtisadi mühit müstəqilliyin davamlı olaraq qorunmasına imkan yaratmışdı. İlham Əliyevin rəhbərliyi ilə ölkədə neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, yeni iş yerlərinin açılması və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar müstəqilliyin iqtisadi dayaqlarını möhkəmləndirməklə yanaşı, xalqın rifahını artırmağa xidmət edir.
Bu gün Azərbaycan nəinki regional, həm də qlobal iqtisadi layihələrdə iştirak edərək öz gücünü nümayiş etdirir. Cənab Prezidentin çıxışında vurğuladığı əsas məsələlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin ölkəmiz üçün böyük əhəmiyyətə malik olması olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və modernləşdirilməsi ölkənin təhlükəsizliyinin əsas təminatıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən hərbi islahatlar Azərbaycan ordusunu dünya miqyasında ən güclü ordulardan birinə çevirmişdir. Hərbi texnologiyaların modernləşdirilməsi, peşəkar hərbçilərin hazırlanması və beynəlxalq hərbi əməkdaşlıq ölkənin hərbi potensialını gücləndirmişdir. Bu proses təkcə ordu quruculuğu ilə bitmir, eyni zamanda ordunun xalqla inteqrasiyası və vətənpərvərliyin gücləndirilməsi üçün mühüm rol oynayır. Azərbaycan ordusu yalnız torpaqlarını müdafiə edən bir güc deyil, həm də xalqın qürur mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Dağlıq Qarabağ Muxtar Vilayətində sovet illərində partiya komitəsinin üzvlərinin əksəriyyətinin ermənilərdən ibarət olmasını xatırlatmışdır. O bildirmişdir ki, 1987-ci ildə Heydər Əliyev Sovet İttifaqının rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilərin Qarabağı Azərbaycandan qoparmaq planları daha da sürətləndirilmişdir. Ulu Öndərsiz qalan Azərbaycan dərin böhranlı dövrlərdən keçmişdir. Torpaqların işğal altında qalması, daxili çəkişmələr və siyasi qeyri-sabitlik, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün böyük bir əngəl olmuşdur. Ümumilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün təzyiqlərə baxmayaraq yeritdiyi müdrik siyasət Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində böyük rol oynamışdır.
Bu gün Azərbaycan xalqı öz istəyinə nail olub. Xalqımızın onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycanın tarixi torpaqları geri qaytarılıb, ərazi bütövlüyümüz bərpa edilib. Ermənistan və onun havadarları, revanşist qüvvələri bu reallığı qəbul etməlidir. Azərbaycanın şanlı Zəfər bayrağı artıq bütün azad olmuş torpaqlarımızda və Xankəndidə dalğalanır. Qələbə Salnaməsinin müəllifi, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, Xankəndi şəhərində qaldırılan bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaqdır.
Zeynəb Məmmədli
Salyan rayonu Qarabağlı-2 kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini