insanhaqlari.az

Mütəxəssis: Böyüklərdə nitq pozuntusu daha çox insultdan sonra yaranır

10-01-2025 Baxılıb: 0

IMG

“Nitq pozuntuları həm uşaqlarda, həm də böyüklərdə müşahidə oluna bilər. Uşaqlarda daha çox anadangəlmə və funksional pozuntular zamanı, böyüklərdə isə sonradan qazanılan nitq pozuntularına rast gəlinir. Əsas səbəbləri nevroloji, fizioloji, ətrafdan qaynaqlanan faktorlardır”.

insanhaqlari.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun loqopedi Aytəkin Hacıyeva deyib.

Loqoped ünsiyyətin vacibliyinə diqqət çəkib: “Ünsiyyət - kommunikasiyadır. Ünsiyyət zamanı insan öz hiss və duyğularını, fikirlərini ifadə edir, bununla da təhlükəsizliyi təmin olunur. Ünsiyyət uşaq anadan olduğu andan ağlayarkən və ananın da ona cavab verməsi ilə başlayır. Ünsiyyətə girmək bacarığı insanın özünü bir şəxsiyyət kimi təsdiq etməyi və əlaqələr qurmağı üçün vacib amildir.

Ünsiyyətin verbal və qeyri-verbal olmaqla iki forması var. Nitq də ünsiyyətin verbal, yəni sözlə ifadə olunan formasıdır. Nitqdən istifadə insana ünsiyyət zamanı özünü sözlərlə ifadə edə bilməyə, fikirlərini söz və cümlələrlə qarşı tərəfə bildirməyə imkan yaradır.

Nitq insanın ən ali psixi funksiyasıdır. Yəni, nitqin yaranmasında bir çox psixi funksiyalar, məsələn qavrama, təfəkkür, təhlil etmə iştirak etməlidir. Nitq qığıldama və işarələrdən, təqliddən başlayıb, öz dilində sərbəst və düzgün danışmağa qədər inkişaf edir. Nitq insanların anadangəlmə qabiliyyəti deyil. O, uşağın inkişafı ilə tədricən formalaşır və ətrafdakı bir çox amillərdən asılı olur. Nitq üçün birinci eşitmək vacibdir. Daha sonra mərkəzi nitq aparatında yaranan anlama və sözlərlə ifadə edə bilmək bacarığı, periferik nitq aparatında isə ağız, dil, dodaq, yumşaq damaq, udqunma, nəfəs alıb-vermənin normal qaydada olmağı lazımdır. Eyni zamanda, sosial varlıq olduğumuz üçün insanlarla sözlə ünsiyyət olduqca önəmlidir”.

Mütəxəssis nitq pozuntularının aradan qaldırılması üsulları barədə məlumat verib. Qeyd edib ki, problemin aradan qaldırılması pozuntunun yaranma səbəbindən birbaşa asılıdır: “Hər bir nitq pozuntusunun ayrılıqda korreksiya üsulları var. Əgər pozuntu sadəcə funksional səbəbdəndirsə, o zaman loqopedik seanslar aparılır. Yox, əgər patoloji səbəb varsa və ikincili, üçüncülü səbəb kimi ortaya çıxıbsa, onda loqopedik seanslar pedaqoji, psixoloji, medikamentoz, fizioterapevtik və digər müalicə ilə birgə aparılır. Korreksiya işi zamanı əsasən şifahi və yazılı tapşırıqlar eyni anda nümayiş etdirilir. Nitqin bərpası prosesində sağlam analizatorlar, əsasən görmə və hərəki analizatorlara istinad etmək lazımdır. Loqopedik seanslara masaj, artikulyar aparatın gimnastik hərəkətləri, şifahi və yazılı nitqin bərpası, impressiv və ekspressiv nitq üzərində iş və digərləri daxildir. Bu zaman təyin olunan xüsusi terapiyalarla nitqdə özünü göstərən pozuntular qismən, ya da tamamilə aradan qaldırılır.

Böyüklərə daha çox "afaziya" və "dizartriya" kimi qazanılmış nitqin itməsi müşahidə olunur. Bu pozuntular da daha çox insultdan sonra yaranır. İnsultdan sonrakı bərpa müalicəsi bir qayda olaraq, uzunmüddətli medikamentoz və qeyri-medikamentoz kompleks tədbirlərin məcmusudur. Qeyri-medikamentoz bərpa müalicəsi reabilitasiya üçün dərmanlar qədər əhəmiyyətlidir. Burada bədən tərbiyəsi, fizioterapiya, kurort-sanatoriya, psixoterapiya kimi müxtəlif kompleks metodlar tətbiq edilir. Optimal şəraitdə reabilitasiya prosesinə fizioterapevt-reabilitoloq, loqoped, psixoterapevt, həkim-nevroloq da qoşulur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031