Konstitusiya və suverenliyin doğurduğu milli qürur və iftixar
Konstitusiya və suverenlik milli qürur və iftixar mənbəyidir.
Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi böyük əhəmiyyətə malikdir: “Konstitusiya və suverenlik hər bir azad dövlət üçün müstəqil yaşamın əsas göstəricisidir. Konstitusiya müstəqillik, suverenliik, ərazi bütövlüyünün qorunması üçün mühüm qanunvericilik bazası olmaqla yanaşı, ölkəmizdə demokratik azadlıqların, insan hüquqlarının müdafiəsinin təşkili baxımından da əhəmiyyətlidir.
Qürur hissi ilə qeyd etməliyik ki, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə 1995-ci il noyabrın 12-də qəbul edilib və ölkəmizdə qanunvericilik sahəsində yeni bir mərhələnin əsası qoyulub. Bundan sonra Konstitusiya əsasında ölkəmizdə qanunvericilik sahəsində sistemli islahatlar həyata keçirilib, mühüm yeniliklərə imza atılıb. Qanunvericilik sahəsində aparılan ardıcıl işlər hüquq sisteminin müasirləşməsinə, dünyanın ən qabaqcıl qanunvericilikləri səviyyəsinə yüksəlməsinə gətirib çıxarıb”.
Müsahibimiz bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixi Zəfəri və ərazi bütövlüyümüzün, suverenliyimizin bərqərar olması ilə nəticələndi. 2023-cü il sentyabrın 19-20-də gerçəkləşən lokal antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam təmin edildi. Azərbaycan 30 ildən sonra öz suverenliyinə qovuşdu. Bu böyük, tarixi nailiyyətin altında isə yenə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzası var idi.
“Bu il Azərbaycan Konstitusiyasnın qəbul edilməsinin 25, 8 Noyabr Zəfərinin isə 5-ci ildönümüdür. Bununla bağlı müxtəlif tədbirlər və layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da həm Konstitusiya, həm də suverenliyin əhəmiyyətinin ictimai şüurda daha dərindən dərk edilməsi, gənclərimizin həmin anlayışlara daha dolğun sahiblənməsi baxımından olduqca əhəmiyyətlidir. İnanıram ki, gənclərimiz dövlətçiliyimizin əsaslarından biri olan həmin dəyərləri dərindən mənimsəyəcək, onların müdafiəsi və inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər”, -deyə polkovnik fikrinə yekun vurub.