insanhaqlari.az

Azərbaycan Prezidentinin müsahibəsi ciddi mesajlar qaynağıdır

10-01-2025 Baxılıb: 14

 

 Azərbaycan Prezidenti İlham Əliyev açıq siyasət yürüdür və geniş ictimaiyyət bunun nəticələri, uğurları, gözləntiləri barədə media vasitəsilə məlumatlandırılır. Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi artıq ənənə halını alıb. Əslində, yerli televiziya kanallarının əməkdaşlarının Prezidentə ünvanladığı suallar ölkə, region və beynəlxalq ictimaiyyəti maraqlandıran çox əhəmiyyətli məsələlərə həsr olunmuşdu. Azərbaycan Prezidentinin müsahibəsi yeni dövrün başlanğıcında yeni hədəflərin açıqlanması baxımından da böyük önəm daşıyır. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı.

Müsahibədə Azərbaycan Prezidenti həmçinin Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etdi. Dövlətimizin başçısı ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Bildirdi ki, Ermənistan, ilk növbədə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməli, bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Ancaq görünür ki, Ermənistan 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətlərindən dərs çıxarmayıb. Azərbaycan tərəfi humanistlik göstərərək dəfələrlə beynəlxalq tribunalardan da bəyan edib ki, biz artıq müharibə səhifəsini bağlamaq istəyirik, sülh istəyirik. Ancaq görürük ki, Ermənistan və onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Ermənistan rəhbərliyi ağlını başına yığmalı, Azərbaycan liderinin tələblərini təcili şəkildə yerinə yetirməlidir. Əks təqdirdə, məsuliyyəti Ermənistan tərəfi daşıyacaq. Prezident İlham Əliyevin də söylədiyi kimi, “biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik”.

Prezident İlham Əliyev müsahibə zamanı Qarabağda və Şərqi Zəngəzurda 2025-ci ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş məlumat verdi: “Ötən illərdə olduğu kimi bu il də işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin sürətləndiriməsi prioritet vəzifə kimi dövlətimizin diqqət mərkəzində saxlanılacaq. Bu məqsədlə cari ildə ən azı 4 milyard manat ayrılacaq. Bildiyiniz kimi, üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılıb və bu proses 2025-ci ildə də davam etdiriləcək. Belə ki, cari ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması nəzərdə tutulur. Hazırda həmin şəhər və kəndlərdə inşaat işləri gedir, layihələr icra olunur. Bu işlər yekunlaşdıqdan sonra isə ilin sonuna kimi 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Bunları nəzərə alaraq, cari ili Böyük Qayıdışın növbəti mərhələsi də adlandırmaq olar”.

Prezident İlham Əliyevin müsahibə zamanı səsləndirdiyi “bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar” fikri bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir. Qərbi Azərbaycan bizim tarixi və əzəli torpağımızdır. Burada yaşayan azərbaycanlılar zaman-zaman etnik təmizləməyə məruz qalıblar, öz doğma torpaqlarından didərgin düşməyə məcbur ediliblər. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib. Ermənilər düşünülmüş şəkildə 300 mindən çox azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət edib, dağıdıb və xarabalığa döndəriblər. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır.

İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ermənistan beynəlxalq hüquqa əməl etməli, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir. Onların tezliklə İnsan Hüquqlarının Ümumdünya Bəyannaməsində, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış “geri qayıtma hüququ”nu tanımalıdır.

                Dövlətimizin başçısı yanvarın 7-də yerli telekanallara müsahibəsi ilə bir daha mətbuata və ictimaiyyətə açıq, öz xalqını dərindən sevən, onun bütün qayğıları ilə maraqlanan Lider olduğunu sübuta yetirdi.

 

Ramil Zeynalov,

Salyan rayonu, Filologiya üzrə fəlsəfə doktoru

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031