Taylandın cənubunda son günlər təsirli olan musson yağışları daşqınlara səbəb olub. 8 əyalətdə 150 mindən çox ev daşqından zərər çəkib, ən azı 2 nəfər həyatını itirib. Minlərlə insan evlərindən təxliyə edilib, suyun səviyyəsinin 1 metri keçdiyi bir çox bölgədə qayıqlarla yardım və təxliyə işləri aparılıb. Tayland ordusunun da yardım işlərinə qatıldığı fəlakət bölgələrindəki evlərindən təxliyə edilən vətəndaşlar təhlükəsiz bölgələrdə qurulan təcili yardım mərkəzlərinə yerləşdirilib.
Tayland Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin direktoru Vasan Chaitaveevong verdiyi açıqlamada Chumphon, Surat Thani, Nakhon Si Thammarat, Phatthalung, Songkhla, Pattani, Yala və Narathivat əyalətlərində bir çox magistral və dəmir yolunun nəqliyyata bağlandığını deyib. Taylandın meteorologiya bölməsi leysan yağışların dekabrın 3-dək təsirli olacağını bildirərək vətəndaşları lazımi tədbirlər görmələri barədə xəbərdar edib.