Keniyada aşkarlanan daşlaşmış ayaq izləri müasir insanın uzaq qohumlarının təxminən 1,5 milyon il əvvəl eyni məkanda bir arada yaşadığını göstərir. Tədqiqatçılar müəyyən ediblər ki, bu izlər Turkana hövzəsinin yataqlarında tapılıb və bir-birindən bir neçə gün və ya saat fərqi ilə meydana gəlib.
insanhaqlari.az “The Guardian”a istinadla xəbər verir ki, ABŞ-ın Chatham Universitetindən Dr. Kevin Hatala və tədqiqat qrupunun “Science” jurnalında dərc olunan araşdırmasına əsasən, bu izlər tarixdən əvvəlki iki fərqli insan növü – “Paranthropus boisei” və “Homo erectus” tərəfindən qoyulub. Araşdırmanın əhəmiyyəti ondadır ki, ilk dəfə bu iki növün eyni mənzərədə birgə mövcudluğu birbaşa sübut edilir.
K.Hatala bildirib ki, izlərdən biri müəyyən sürətlə hərəkət edən bir fərd tərəfindən qoyulub. Bu izlərin anatomik xüsusiyyətləri “Paranthropus boisei” növünə aid olduğunu göstərir. Bu növ, böyük dişlərinə görə “Şelkunçik adamı” kimi də tanınır və insan nəsil ağacının yan budağında yerləşir. Tədqiqat qrupundan bildirilib ki, ayaq izlərində görünən baş barmağın anatomik strukturu bu növün ayaq quruluşuna uyğundur. Həmin ərazidə müxtəlif istiqamətlərdə olan digər izlər isə “Homo erectus” növünə aid edilə bilər. Bu növ müasir insanın birbaşa əcdadı sayılır və onların da eyni dövrdə bölgədə yaşadığı ehtimal olunur.
K.Hatala vurğulayıb ki, bu iki növün eyni mənzərədə bir-birinin varlığından xəbərdar olması və bir-birini “fərqli” olaraq tanıması ehtimal edilir. Bununla belə, onların qarşılıqlı münasibətləri haqqında hələ də bir çox suallar açıq qalır. Turkanada daha əvvəlki dövrlərə aid fosilləşmiş ayaq izləri də araşdırılıb və bəzilərinin müxtəlif növləri tərəfindən qoyulduğu aşkarlanıb. Londondakı Təbiət Tarixi Muzeyindən professor Chris Stringer tədqiqatı heyranedici adlandıraraq bildirib ki, bu iki növün güclü rəqabət aparmadan birgə mövcudluq göstərə bilməsi diqqətəlayiqdir.
Bu araşdırma insan nəsil ağacı ilə bağlı yeni perspektivlər təqdim edir və tarixdən əvvəlki növlərin bir-biri ilə necə əlaqədə olduğu suallarını gündəmə gətirir.