Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana gələn Çin nümayəndələri ilə görüş keçirilib.
Bu barədə universitetdən məlumat verilib
ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov, universitetin professor-müəllim heyəti və yerli şirkət rəhbərləri ilə keçirilən görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrindən danışılıb. Görüşdə, həmçinin Azərbaycanla Çinin iqtisadi əlaqələrindən, istehsalat sahələrində azərbaycanlı mütəxəssislərin, o cümlədən ADNSU məzunlarının əldə etdiyi uğurlardan və perspektivlərdən bəhs olunub.
Nümayəndə heyətinə rəhbərlik edən Çinin Suçjou Bələdiyyə Komitəsinin Daimi Komitəsinin üzvü və Suçjou Bələdiyyə Hökumətinin vitse-meri Qu Haydun Azərbaycanda, o cümlədən ADNSU-da olmaqdan məmnun olduqlarını bildirib.