Avstraliyada aparılan araşdırmaya görə, 2019 və 2020-ci illərdə baş verən meşə yanğınlarından sonra ölkədəki bitki və heyvan növləri 55 faiz azalıb.
“Nature” jurnalının məlumatına görə, alimlər 2019 və 2020-ci illərdə Avstraliyada baş verən meşə yanğınlarının 1380 heyvan və bitki növünə təsirini araşdırıblar.Aparılan araşdırmalar nəticəsində təqribən 24,3 milyon hektar ərazini məhv edən bu yanğınlar nəticəsində ölkədə bitki və heyvan populyasiyasının 55 faiz azaldığı müşahidə edilib.
Alimlər məməli növlərinin azalmasının digər heyvan qruplarına nisbətən iki dəfə çox olduğunu deyirlər.
Tədqiqat nəticəsində məlum olub ki, son 40 ildə ən azı üç dəfə yanğın baş verən bölgələrdə biomüxtəliflik bir dəfə yanan və ya heç yanmayan bölgələrə nisbətən 93 faiz daha çox mənfi təsirə məruz qalıb.
Qeyd edək ki, Avstraliyada 2019 və 2020-ci illərdə meşələrə və çəmənliklərə təsir edən və bəzən yaşayış məntəqələrinə yayılan yanğınlarda 34 nəfər həyatını itirib, təxminən 24,3 milyon hektar ərazi məhv olub.