Noyabrın 14-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.
insanhaqlari.az xəbər verir ki, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun da iştirak etdiyi görüşdə elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Universitetin kitabxanası, muzeyi və müxtəlif korpusları ilə tanış olan qonaqlar təhsil infrastrukturunun inkişafı və müasir standartlara uyğunlaşdırılmasına dair təcrübələrini müzakirə ediblər.
Tərəflər bu görüşün Azərbaycan-Anqola arasında təhsil və elm sahəsində əməkdaşlıq perspektivlərinin genişlənməsinə və gələcəkdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə zəmin yaradacağını bildiriblər.