Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında - COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olan Beynəlxalq Ticarət Mərkəzinin (ITC) nümayəndələri “Bakı KOB evi”ndə olublar.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələrinə sahibkarlara vahid məkanda xidmət mərkəzi olan KOB evinin fəaliyyəti barədə geniş məlumat verilib.
Qeyd edilib ki, KOB evlərində biznes üçün G2B və B2B xidmətlərin bir məkanda göstərilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir. Burada, həmçinin startaplar üçün Startap İnkişaf Mərkəzi, təlim mərkəzi fəaliyyət göstərir. Hazırda KOB evləri ölkənin 3 şəhərini əhatə edir. Bir sıra iri şəhər və rayonlarda da KOB evlərinin yaradılması istiqamətində işlər görülür. Eyni zamanda diqqətə çatdırılıb ki, KOB evi modeli biznes sahəsində dünyanın qabaqcıl innovativ təşəbbüsləri sırasında yer alır. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi 2024-cü ildə Azərbaycanın KOB evi modelini qabaqcıl innovativ təcrübələrdən biri kimi qiymətləndirərək onu nümunəvi model olaraq qəbul edib.
ITC-nin nümayəndə heyəti tərəfindən “Bakı KOB evi”nin fəaliyyəti maraqla qarşılanıb, KOB-lara dəstək sahəsində unikal modellərdən olduğu qeyd edilib. KOB evi ilə tanışlıq zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb.