COP29 çərçivəsində SOCAR ilə “İtalgas” şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb
Noyabrın 12-də COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “İtalgas” şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb.
SOCAR-dan bildiriblər ki, Sazişi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “İtalgas” şirkətinin baş icraçı direktoru Paolo Gallo imzalayıblar.
Şirkətlər enerji keçidini və rəqəmsallaşmanı sürətləndirmək məqsədilə qabaqcıl təcrübə və texnologiyaların mübadiləsi, habelə “Picarro” texnologiyasından istifadə edərək qaz sızmasının aşkarlanması vasitəsilə infrastrukturun dekarbonizasiyası, həmçinin mövcud çevik metodologiya vasitəsilə prosesin rəqəmsallaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Sənəd tərəflər arasında qaz paylama sahəsində innovasiya, səmərəlilik və davamlılığı təşviq etməyə yönəlmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.