RedeTV: Braziliya Prezidenti kabinetində telefondan istifadəni qadağan edib
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva dinləmə və casusluqdan ehtiyatlanaraq administrasiyasının əməkdaşlarına onun kabinetinə mobil telefonla girməyi qadağan edib.
insanhaqlari.az xəbər verir ki, Lula da Silva RedeTV telekanalına müsahibəsində qadağanı mobil telefonlardan istifadənin təhlükəli olması ilə əsaslandırıb. Prezident, həmçinin bildirib ki, təhlükəsizlik baxımından, ümumiyyətlə, mobil telefondan istifadə etmir, hökumət nazirləri ilə həmkarlarının və qohumlarının telefonları ilə danışır.
Braziliya mediasında yayılan məlumatlara görə, Birləşmiş Ştatlar hələ 1966-cı ildən o vaxt 21 yaşı olan Lula da Silva haqqında məlumat toplamağa başlayıb. Sənədlərin əksəriyyətini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları hazırlayıb. İdarədə Braziliya lideri barədə 600-dən çox sənədin saxlandığı bildirilir.
Lula da Silva ilk dəfə 2002-ci ildə Braziliyanın prezidenti seçilib və 2011-ci ilədək ardıcıl iki müddət bu vəzifədə olub. 2022-ci il seçkilərində qalib gələrək yenidən prezident kürsüsünə qayıdıb.