Səudiyyə Ərəbistanında Azərbaycanın Zəfər Günü qeyd olunub
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində tədbir təşkil olunub.
Tədbirdə Səudiyyə Ərəbistanında yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 8-də Bakıda Zəfər parkının açılışı zamanı xalqa müraciətinin videoyazısını izləyiblər, həmçinin Azərbaycan XİN tərəfindən Zəfər Günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev 44 günlük Vətən müharibəsindən və ötən ilin sentyabr ayının 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra regionda yaranmış vəziyyət və dövlətimizin yürütdüyü siyasət barədə həmvətənlərimizə qısa məlumat verib.
Daha sonra iştirakçılar Zəfər Gününə həsr olunmuş fotosərgi ilə tanış olublar.
Tədbir şam ziyafəti ilə başa çatıb.
Səudiyyə Ərəbistanının Mətbuat Agentliyinin (SPA) yaydığı məlumata görə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Al Səud 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik teleqramı ünvanlayıblar.
Eyni zamanda, həmin məlumat nazirliyin “X” platformasındakı səhifəsində paylaşılıb.