Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti
Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. Erməni qəsbkarları məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışdılar. Erməni millətçiləri 200 ildən artıq bir zaman kəsiyində yüz minlərlə dinc azərbaycanlını soyqırımına məruz qoymuş, yaşadıqları yerlərdən qovmuş, onlara işgəncələr vermiş, yüzlərlə yaşayış məntəqəsini dağıdıb yerlə-yeksan etmişdilər. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Keçmiş SSRİ imperiyasının dağılması və müstəqilliyin bərpa edilməsi ərəfəsində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, işğal zamanı yaşayış məntəqələrini dağıtmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Ötən 30 ilə yaxın bir müddət ərzində beynəlxalq birlik məsələnin həllinə yox, dondurulmasına çalışmış, bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmış və həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilərək beynəlxalq qətnamələr kağız üzərində qalmış, məsuliyyətli ölkə olaraq Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT də daxil olmaqla mötəbər beynəlxalq təşkilatlar işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləniblər. Xüsusilə də, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı. Bütün bu illər ərzində isə Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdi. Hətta Ermənistan işğal zamanı mülki, təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələrini də məhv etmiş, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdu. Əlbəttə ki, Azərbaycan bu işğalla barışmayacağını dəfələrlə nümayiş etdirmiş, 2016-cı ilin aprel ayında Lələtəpə, 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı bu sarsılmaz iradəsini nümayiş etdirmişdi. Amma bütün bunlardan nəticə çıxarmayan Ermənistan 2020-ci il sentyabrın 27-də növbəti hərbi təxribat törətmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmuşdu. Mənfur düşmənin bu hücumuna cavab olaraq başlanmış Vətən müharibəmiz ölkəmizin tam qələbəsi ilə yekunlaşmışdır. Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ işğaldan azad olunaraq, ölkəmizin ərazi bütövlüyü tam şəkildə təmin olunmuşdur. Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etmiş, Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünya hərb tarixinə qalib ordu kimi adını həkk etdirmişdir.
Rəşad Kərimov,
Salyan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri,
Vətən müharibəsi iştirakçısı